Bu hava limanında bütün uçuşlar dayandırıldı - SƏBƏB
    • 29-07-2024, 10:12
    • 201

Bu hava limanında bütün uçuşlar dayandırıldı - SƏBƏB

Beyrut Rəfiq Həriri Beynəlxalq Hava Limanında uçuş və gəliş uçuş məlumatları ekranında iyulun 28-i axşamdan başlayaraq bu günə qədər davam edən bütün uçuşların dayandırıldığı görülüb.

News24.az xəbər verir ki, hava limanının internet saytında verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə və oradan bütün uçuşlar “ləğv edildi” və ya “təxirə salındı” kimi yazılıb.

İsrail ordusunun Livana qarşı mümkün hücum təhlükəsi səbəbilə bu reyslərin ləğvi və təxirə salınmalarının səhərə qədər davam edəcəyi bildirilir.

Qeyd edək ki, Livan dövlətinə məxsus Middle East Airlines (MEA) dünən Beyrutdan bəzi uçuşları iyulun 29-u səhərə qədər təxirə saldığını açıqlayıb.

Majdel Şəms hücumu

İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.

İsrail ordusu "əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində" raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.

Eyni zamanda, Livan Hizbullahı isə Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, "hadisə ilə heç bir əlaqəsinin olmadığını" bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında "İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək" deyib. 

Günel Məlikzadə