Əhaliyə ŞAD XƏBƏR: noyabrın 1-dək...
    • Bu gün, 11:07
    • 90

Əhaliyə ŞAD XƏBƏR: noyabrın 1-dək...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı sual doğuran məsələlərdəndir. Sosial şəbəkə paylaşımlarında da bu mövzu, xüsusən də minimum əmək haqqının nə qədər artacağı ilə bağlı xeyili şərhlər və qeydlər var.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramova məxsusdur.

Onun sözlərinə görə, müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konrket rəqəmin həmin ay bəlli olacağı gözlənilir:

"Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirələr mərhələsidir və bu baxımdan da konrket artım faizi hələlik elan edilməyib. Bununla belə, minimum əməkhaqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi.

Minimum əmək haqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım faizi 11,3% olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək. Eyni zamanda, 2024-cü ildə həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər".

Vüqar Bayramov qeyd edib ki, bu halda söhbət iki rəqəmli artımdan gedir:

"İki rəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".