-
- 31-07-2024, 12:30
- 740
İran hökuməti TƏCİLİ toplanır: İsrail hava məkanını bağladı - DƏHŞƏTLİ hücum başlayır?
Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb. Bu hadisə, Yaxın Şərqdəki siyasi və hərbi balansı dəyişə biləcək əhəmiyyətli bir inkişafdır. Hadisənin baş vermə şəraiti və səbəbləri hələ tam olaraq aydın deyil. Ancaq bu tip hadisələr, adətən, genişmiqyaslı reaksiyalara səbəb olur.
İranda HƏMAS liderinin öldürülməsi böyük rezonans doğuracaq və regiondakı siyasi vəziyyəti daha da gərginləşdirə bilər. İranın bu hadisəyə necə cavab verəcəyi və hansı addımlar atacağı məsələsi böyük maraq doğurur.
Bəs İranın cavabı nə olacaq?
Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu News24.az-a açıqlamasında bildirib ki, HƏMAS liderinin öldürülməsi yaxın şərqdə vəziyyəti köklü şəkildə dəyişəcək:
“İran artıq birbaşa müharibəyə qoşula bilər, çünki onlar bunun intiqamını öz məntiqlərinə görə almalıdırlar. Qasım Sülymanini raket zərbələri ilə Amerika öldürmüşdü. Düzdür, bunun intiqamını ala bilmədilər. Çünki Amerika həm ərazi baxımından çox uzaqdır, həm də siyasi güc baxımından daha güclüdür. İranın İsrailə əli çatır. Yəqin ki, elə İran HƏMAS və Hizbullah vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. İsrail hər zaman bu kimi əməliyyatlarla bağlı məlumatı nə təsdiq, nə də inkar edir. Aydındır ki, belə bir hadisə baş veribsə, bu İsrailin törədəcəyi bir əməldir”.
Politoloq qeyd edib ki, İsrailin İranın ərazisində bu kimi hadisələr törətməsi birinci dəfə deyil. Onun sözlərinə görə, vaxtilə İsrail İranın atom elektrik stansiyasında çalışan alimlərini çox müəmmalı şəkildə qətlə yetirmişdi:
“Bu hər kəsə məlum idi ki, hadisələri İsrailin İrandakı kəşfiyyat şəbəkəsi həyata keçirmişdi. Amma bu gün açıq aşkar Tehranda HƏMAS liderini raket zərbəsi ilə öldürüblərsə, bu heç də normal bir hadisə deyil. Təsəvvür edin ki, belə bir hadisə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gəldiyi vaxta baş verir. Bu onu göstərir ki, İsrail kəşfiyyatının əvvəlcədən bundan xəbəri var imiş”.
Elxan Şahinoğlu əlavə edib ki, İsraillə İranın düşmən olmağına baxmayaraq İsrailin İranda çox güclü casus şəbəkəsi var. Ola bilsin ki, HƏMAS liderinin kordinatlarını da onlar veriblər. Bu o deməkdir ki, prosesə İran da qarışacaq. Əslində bundan sonra Ankaranın atacağı addım da maraqlıdır. Çünki HƏMAS liderinin Ərdoğanla da çox sıx münasibətləri var idi.
Aqil Qarayev