Payızda kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşacaq - AÇIQLAMA
    • 1-08-2024, 22:37
    • 289

Payızda kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşacaq - AÇIQLAMA

Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən noyabr ayından etibarən ölkədə satışa çıxarılan məhsullarda kəskin bahalaşmanın olacağı ilə bağlı paylaşımlar edilir. Bəzi istifadəçilər bu bahalaşmanı dizel yanacağının qiymət artımı ilə əlaqələndirsə də, bəziləri devalvasiyanın birbaşa təsirini proqnozlaşdırır.

Bəs görəsən, noyabrda inflyasiyanın olması gözlənilirmi?

News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkədə inflyasiyasının olması üçün səbəb olmalıdır. Artıq səbəblərdən biri var:

“Tarif Şurası dizel yanacağı və benzinin qiymətini qaldırdı. Artıq dizel yanacağının qiyməti 25% bahalaşıb. Kənd təsərrüfatı məhsullarının maya dəyərinin 40%-ni dizel yanacağı xərcləri təşkil edir. Aqrar sahədə, kənd təsərrüfatında məhsulların əkilməsi, biçilməsi, toplanması, qulluğu, daşınması – bütün bunlar dizel yanacağı ilə həyata keçirilir. Deməli, ən azından ərzaq məhsullarında, kənd təsərrüfatı məhsullarında dizelə görə bahalaşma baş verəcək. Bunu isə biz yavaş-yavaş görəcəyik. Bahalaşma payız aylarında nəzərə çarpacaq qədər olcaq”.

Onun sözlərinə görə, inflyasiyanın olması üçün digər amil Azərbaycanın idxaldan asılı ölkə olmasıdır:

“Digər məqam ondan ibarətdir ki, biz idxaldan asılıyıq. Xaricdə qiymət dəyişikliyi, bahalaşma olacaqsa, bunun Azərbaycana təsiri mütləq baş verəcək”.

İqtisadçı həmçinin vurğulayıb ki, Azərbaycan üçün inflyasiya təhlükəsi manatın dəyərdən düşməsi ilə baş verə bilər.