-
- 2-08-2024, 13:23
- 608
Dünyada ilk - mexaniki süni ürək transplantasiyası
ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.
News24.az xəbər verir ki, ürək çatışmazlığı olan xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb.
BiVACOR tərəfindən hazırlanmış maqnit levitasiya texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.
Qeyd edək ki, titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan işləyərək daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir. Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulub.
Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün sağ qala bilib, daha sonra uğurlu ürək transplantasiyası həyata keçirilib.
Onu da bildirək ki, ilk xəstə transplantasiya edildikdən sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.
ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.
Günel Məlikzadə