Millət vəkilindən ÖNƏMLİ TƏKLİFLƏR
    • 9-04-2020, 21:18
    • 871

Millət vəkilindən ÖNƏMLİ TƏKLİFLƏR

Bu gün Milli Məclisin iclasında millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hökümətin 2019-cu il hesabatının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib. 


News24.az-ın məlumatına görə, ötən il cənab Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurlar, mədəniyyət sahəsində görülən işlər barədə danışan Q.Paşayeva ölkə başçısına təşəkkürünü bildirib. Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışan millət vəkili İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpə abidəsinə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb və müvafiq qurumları bu sərəncamı həyata keçirməyə, höküməti bu məsələyə ciddi nəzarət etməyə çağırıb.

Dünyada geniş yayılan koronavirus pandemiyası ilə bağlı dövlətimizin gördüyü işlər barədə də danışan millət vəkili Qənirə Paşayeva hər zaman dövlətimizin yanındayıq deyib. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının böyük problemlərin yaranmasına səbəb olacağını vurğulayan Q.Paşayeva insanlarımıza çağırış edib, hər birimiz dövlətimizin bu məsələ ilə bağlı qayda, qanun, qadağa və tövsiyyələrinə əməl etməliyi etməli olduğumuzu deyib. Millət vəkili həmçinin imkanlı şəxslərə, iş adamlarına da çağırışlar səsləndirib. O, bildirib ki, belə çətin bir zamanda hər birimiz dövlətimizin daha çox yanında olmalıyıq və insanlarımıza dəstəyimizi əsirgəməməliyik.

Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altnda sosial və iqtisadi sahədə böyük islahatların getdiyini xatırladan Q.Paşayeva özəl sektorda insanların əmək müqaviləsi ilə çalışmasının önəmindən danışaraq bu məsələnin nə qədər vacib olduğunu bu günlərdə bir daha hamımız gördük deyib. O, aidiyyatı qurumları bu məsələyə bundan sonra daha da diqqətli olmağa çağırıb.

Kənd təsərrüfatı sahəsinin inkişafının ölkəmiz üçün vacibliyini də xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu sahədə suvarma probleminin yaratdığı narahatlıqlar barədə də danışıb və bu istiqamətdə problemlərin ən qısa müddətdə öz həllini tapması ilə bağlı Nazirlər Kabinetinə və müvafiq qurumlara müraciət edib.