Yeni "Geely Geome Xingyuan" - FOTO
    • 2-08-2024, 22:40
    • 383

Yeni "Geely Geome Xingyuan" - FOTO

Geely-nin yeni elektrik avtomobili Geome Xingyuan, bu ilin sonunda buraxılmazdan əvvəl Turpanda isti hava sınaqlarından keçir. Avtomobil son dərəcə münasib qiyməti ilə BYD Dolphin və Seagull kimi modellərlə rəqabət aparmağa hazırlaşır.

News24.az xəbər verir ki, Geely Geome Xingyuan yeni detalları ilə diqqət çəkir. Çinin ən isti yerlərindən biri olan Sincan əyalətinin Turpan şəhərində sınaqdan keçirilən avtomobil, gizli kamuflyaj fotolarında göründüyü kimi, iyul ayında MIIT (Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi) tərəfindən açıqlanan vizual görüntülərlə eyni dizayna malikdir. Bu sınaqlar ekstremal temperaturda avtomobilin performansını ölçmək üçün aparılır.

Geely Geome Xingyuan yeni platformada qurulacaq və müstəqil asma sistemi standart olaraq təklif olunacaq. Avtomobildə istifadə ediləcək akkumulyator paketlərinin CATL tərəfindən təmin oluna biləcəyi ifadə edilərkən, bəzi mənbələr Geely-nin özünün inkişaf etdirdiyi Aegis qısa bıçaqlı akkumulyatorunun istifadə ediləcəyini iddia edir. Bu akkumulyatorun litium-dəmir fosfat texnologiyasına əsaslanması bu qiymət aralığında olan avtomobil üçün daha məntiqli görünür.

MIIT siyahılarındakı məlumatlara görə, alıcılar 58 kVt və 85 kVt olan iki fərqli elektrik mühərriki arasında seçim edə biləcəklər. 58 kVt gücündə TZ160XS001 mühərriki ilə təchiz edilmiş versiyanın maksimal sürəti 125 km/saat olduğu halda, 85 kVt gücündə TZ160XS002 mühərriki ilə təchiz edilmiş versiyanın maksimal sürəti 135 km/saat olacaq.

Avtomobil mühərrik gücündən və akkumulyator paketinin ölçüsündən asılı olaraq 400-500 km məsafə qət edəcək. 58 kVt-lıq mühərrik versiyasının çəkisi 1215 kq olduğu halda, 85 kV-luq mühərrik versiyasının çəkisi 1285 kq olaraq qeyd edilib.

Avtomobilin salonunda Flyme Auto smart kokpiti istifadə olunacaq. Geely Geome Xingyuan-ın uzunluğu 4135 mm, eni 1805 mm və hündürlüyü 1570 mm olacaq. Təkər bazası 2650 mm olaraq ölçüldü. Bu yeni platformanın tamamilə elektrikli avtomobillərə həsr olunmuş platforma olduğu təxmin edilir.

Qeyd edək ki, Geely-nin Geome kimi rebrendinq etdiyi bu alt brend əvvəllər Geometry kimi tanınırdı. Mövcud modellər daxili yanma mühərrikli nəqliyyat vasitələrinə çevrilmiş elektrik nəqliyyat vasitələri olsa da, yeni Xingyuan sıfırdan elektrikli avtomobil kimi dizayn edilməsi ilə seçilir.

Günel Məlikzadə