Kişilərin xərcəngə tutulma ehtimalı daha çox olacaq - ARAŞDIRMA
    • 12-08-2024, 21:14
    • 555

Kişilərin xərcəngə tutulma ehtimalı daha çox olacaq - ARAŞDIRMA

Çarlz Darvin Universitetinin alimləri beynəlxalq tədqiqat qrupunun bir hissəsi olaraq, 2050-ci ilə qədər 65 yaş və daha yuxarı kişilər arasında xərçəngə yoluxma və ölüm nisbətlərinin əhəmiyyətli dərəcədə artacağını müəyyən ediblər. 

News24.az xəbər verir ki, araşdırmanın nəticələri “Cancer” jurnalında dərc olunub.

Böyük xərçəng reyestrlərinin məlumatlarına əsaslanan GLOBOCAN metod və modellərindən istifadə edən alimlər 185 ölkədə xərçəngə yoluxma nisbətlərini proqnozlaşdırıblar. Onlar müəyyən ediblər ki, 2022-ci ildən 2050-ci ilə qədər xərçəng xəstələrinin sayı 10,3 milyondan 19 milyona (84 faiz), ölənlərin sayı isə 5,4 milyondan 10,5 milyona (93 faiz) artacaq.

Tədqiqatçılar aydınlaşdırıblar ki, 65 yaşdan yuxarı kişilər, eləcə də inkişaf səviyyəsi aşağı olan ölkələrdə xərçəng xəstəliyi (2020-ci ilə nisbətən) iki dəfə çox olacaq. Bu, kişilər və qadınlar arasında xəstəlik fərqini artıracaq.

Qeyd olunub ki, kişilər tibbi müayinədən keçməyə daha az meyllidirlər, onlar genetik risklərinə və bioloji xüsusiyyətlərinə daha az diqqət yetirirlər, daha çox siqaret çəkirlər, spirtli içkilərdən sui-istifadə edirlər və iş yerində kanserogen maddələrə məruz qalırlar. Bu amillər də xərçəng riskinin artmasının əsasını təşkil edir.

Məryəm İlhamqızı