-
- 12-08-2024, 22:57
- 450
İxtisas seçimi edərkən bunlara diqqət edin - Ekspertdən VACİB AÇIQLAMA
Abituriyentlərin ixtisas seçimi ən həssas və diqqətli olunmalı mövzulardandır. Sözsüz ki, seçdikləri ixtisas onların karyeralarına və gələcək həyatlarına təsir edəcək. İxtisas seçimində abituriyentlərin diqqət etməli olduğu vacib məqamlar var. Amma abituriyentlərin bir qismi isə ixtisas seçimində hansı məqamlara diqqət etməli olduqları ilə bağlı çətinlik yaşayır.
News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, abituriyentlər ixtisas seçimi edərkən strateji planlamaya diqqət etməlidirlər:
Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az
“Bu il abituriyentlər arasında çox maraqlı, müsbət tendensiya var. Fikir mübadiləsi apardığımız gənclər və onların valideynləri artıq məqsədli və hədəfli şəkildə düşünməyə, seçim etməyə başlayıblar. Əvvəllər “nə olursa, olsun, tələbə adını qazanım” deyənlər azalıb. Lakin bəzən abituriyentlər reallıqla barışmırlar. Məsələn, III qrup üzrə 330 bal toplayan abituriyent 560 keçid balı olan ixtisasa qəbul olmaq istəyir, bu istəyindən əl çəkmir. Amma cari ildə həmin qrupda balların enməsi gözlənilmir. Bu da 230 ballıq fərq yaradır. Keçid balı nisbi anlayışdır. Ötən il olan keçid balı bu il arta, yaxud azala bilər. Plan yerlərinə diqqət edilmir. Bu isə ən diqqət edilməli məqamdır. “Abituriyent-4” jurnalında bütün ixtisaslara aid plan yerləri göstərilib, vacib statistik göstəricilər öz əksini tapıb. Abituriyent statistika ilə işləməyi öyrənməlidir. Hətta valideynlər də statistik reallıqlar əsasında yola çıxmalı, müəyyən hesablama aparmalıdır. Bəzən isə bu hesablamalar edilmir”.
E.Nuri abituriyentlərə səslənərək bildirib ki, ixtisas seçimi məntiqi sıralama ilə edilməlidir:
“Biz abituriyentlərə səslənirik ki, ixtisas seçimi zamanı diqqətli olmalı, məntiqi sıralama ilə addımlar atmalıdır. Məntiqli sıralama bizi uğura aparan yoldur. Bəzən isə abituriyentin sevdiyi ixtisası universitetin nüfuzu və digər parametrlər müəyyənləşdirir. Buna da yol vermək olmaz”.