-
- 12-08-2024, 23:42
- 453
Rəşad Sadıqov erməni futbolçu ilə bağlı - “Gərginlik istəməzdim”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasında rəqibləri olan Xorvatiyanın “Osiyek” klubunun çalışdırıcısı Frederiko Koppitellinin komandalar arasında keçirilən ilk oyundan sonrakı açıqlamasına cavab verib.
“Qafqazinfo”nun məlumatına görə, mütəxəssis rəqib çalışdırıcının dediklərinin ona qəribə gəldiyini bildirib:
“Onun açıqlamasını oxumuşam. Dərhal mənə də pis təsir etdi, qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb”.
R.Sadıqov həmçinin xorvatların heyətindəki erməni futbolçu Styopa Mkrtçyanın Bakıda meydana çıxacağı halda hansısa gərginlik yaranması təhlükəsi ilə bağlı sualı da cavablandırıb:
“Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da belə olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq”.