-
- 8-11-2023, 21:17
- 250
Rəşad Sadıqov Hacı Əliyevə nə söz verib?
“İlk növbədə Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Böyük qələbə qazanmışıq. Başda Ali Baş Komandan, cənab Prezidentimiz olmaqla hər kəsin bayramı mübarək. O ki qaldı turnirə, ardıcıl ikinci ildir qalib oluruq. Budəfəki yarış da maraqlı keçdi. Yenə də həlledici qarşılaşmada Taekvando federasiyasına qalib gəldik. Çempion olduğumuz üçün sevinirəm. Amma mənim əsas işim olimpiya çempionu olmaqdır”.
News24.az xəbər verir ki, futbolxeber.az saytına müsahibəsində bu sözləri güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev deyib.
İdman federasiyaları arasında Zəfər gününə həsr olunmuş minifutbol turnirini qazanan H.Əliyev vaxtı ilə güləşçi yox, futbolçu olmaq istədiyini bildirib: “Peşəkar səviyyədə futbolla məşğul olmamışam. Amma uşaqlıqda arzum futbolçu olmaq idi. Qismət elə gətirdi ki, güləşçi oldum”.
Tanınmış güləşçi maraqlı bir məqama toxunub. O bildirib ki, peşəkar futbolçu olmasa da, peşəkar səviyyədə 1 oyunluq meydana çıxa bilər: “Bilirsiz ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mənim yaxın dostumdur. O da bilir ki, mən ən azı 1 oyunluq peşəkar futbolçu kimi meydana çıxmağı həmişə arzulamışam. Tokio olimpiadasından öncə Rəşad mənə söz verdi ki, olimpiya çempionu olsam, icazə verəcək ki, hansısa oyunda 1 hissə “Zirə”nin heyətində meydana çıxım. Amma təəssüf ki, Yaponiyada finalda uduzdum. İndi qarşıdan Paris olimpiadası gəlir. Söz hələ də qüvvədədir. Parisdə çempion olsam, məni böyük futbolda görəcəksiz”.
Hacı hələ ki, olimpiadaya lisenziya qazanmasa da, bu vəzifənin öhdəsindən gələcəyinə inanır: “Gələn il Bakıda lisenziya tuniri olacaq. Mən də əlimdən gələni edəcəm ki, həmin yarışda lisenziya qazanım. Məqsədim olimpiya çempionu olmaqdır. Çətin yoldayam. Peşəkar idmanda yaş getdikcə daha da hər şey çətinləşir. Amma bu gün özümü yaxşı hiss edirəm. Allahın izni ilə nəticə göstərəcəyimə inanıram”.