-
- 15-08-2024, 14:09
- 232
Belqorodda "federal fövqəladə vəziyyət" elan edildi
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Belqorod vilayətindəki vəziyyətlə bağlı iclas keçirib.
News24.az xəbər verir ki, yığıncaqda çıxış edən Kurenkov bölgənin tez-tez Ukrayna qüvvələrinin hücumuna məruz qaldığını və bölgə xalqına dəstək üçün səy göstərildiyini, lakin bunun yetərli olmadığını bildirib.
Kurenkov bölgədəki vəziyyətin "çətin", "gərgin" olduğunu və toplantıda Belqorod vilayətində vəziyyəti "federal fövqəladə vəziyyət" səviyyəsinə qaldırmaq qərarına gəldiklərini bildirib.
Qeyd edək ki, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında verdiyi açıqlamada Ukrayna ordusunun bölgənin Şebekino şəhərinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib.
Hücum nəticəsində 4 nəfərin yaralandığını, bir neçə binanın zərər gördüyünü qeyd edən Qladkov hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.
Eyni zamanda, dünən Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod vilayətində Ukrayna hərbçilərinin hücumları səbəbindən “regional fövqəladə vəziyyət” elan edilib.
Günel Məlikzadə