Tələbələrin kirayə dərdi: evlər niyə bahadır? - Açıqlama
    • 26-08-2024, 21:43
    • 545

Tələbələrin kirayə dərdi: evlər niyə bahadır? - Açıqlama

Yeni tədris ilinin başlamasıyla əlaqədar Bakıya qayıdan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Bildirilir ki, son iki ildə Bakının kirayə mənzil bazarında tələb təklifi üstələyib. Vəziyyət o yerə çatıb ki, tələbələrin artıq universitetlərə yaxın ərazilərdə kirayə ev tapması müşkülə çevrilib.

News24.az xəbər verir ki, Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, tələbələrin və gənc ailələrin böyük hissəsinin kirayələrdə qalmasının səbəbi paytaxt Bakı və digər şəhərlərdə daşınmaz əmlakın satış qiymətinin kəskin baha olmasıdır.

Onun sözlərinə görə, hazırda Bakının mərkəzə yaxın ərazilərində, xüsusən köhnə tikili binalarda birotaqlı kirayə mənzillərin minimal qiyməti 350 manatdan başlayaraq 400-450 manat arası dəyişir:

“Yeni tikilən binalarda isə qiymətlər daha bahadır. Otaq sayı artıqca kirayə qiymətlərində də artım müşahidə olunur. Ümumən satış qiymətlərinə nəzər salsaq, görərik ki, bu, çox bahadır. Ölkədə minimal əmək haqqı 345 manatdır. Bu da paytaxtda yerləşən ən ucuz kirayə mənzilin aylıq kirayə qiymətindən daha bahadır. Bu baxımdan ev almağa imkanı olmayan vətəndaşlar məcburən uzun illər yataqxanalarda yaşayırlar. Həmçinin paytaxtın mərkəzi ərazilərində kirayə mənzillər baha olduğuna görə tələbələr məcburən kənar ərazilərə üz tuturlar. Çünki fərdi həyət evlərindəki kirayə qiymətləri nisbətən ucuzdur”.

Ekspert deyib ki, həyət evlərində kirayə qiymətləri ucuz olsa da, yol uzaq olduğundan tələbələr vaxt itirirlər:

“Lakin bundan əlavə dövlətin evsiz insanların ev probleminin aradan qaldırılması üçün layihələri var. Bu ipoteka kreditlərinin verilməsidir. Həmçinin İpoteka və Kredit Zəmanət Fondunun nəzdində olan kirayə mənzillər var ki, vətəndaşlar onu əldə edə bilirlər. Təbii ki, bu proses uzun illər çəkir. Qiymətlər paytaxt ərazisində kəskin baha olsa da, bölgələrdə əlçatandır”.