Pavel Durov kimdir?
    • 27-08-2024, 21:20
    • 464

Pavel Durov kimdir?

Pavel Durov 10 oktyabr 1984-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Sahibkar və proqram təminatı istehsalçısı olan Pavel Durov Sankt-Peterburq Dövlət Universitetində filologiya üzrə təhsil alıb. O, dünyaca məşhur sosial media platforması VKontakte (VK) və mesajlaşma tətbiqi Telegram-ın yaradıcısıdır.

News24.az xəbər verir ki, Pavel Durov VKontakte-ni 2006-cı ildə təsis edib. VK Rusiyanın ən məşhur sosial media platformalarından birinə çevrilib və "Rusiyanın Facebooku" kimi tanınıb.

Durov VK-da libertar və yenilikçi idarəetmə tərzi ilə tanındı, lakin Rusiya hökuməti ilə fikir ayrılıqları səbəbindən 2014-cü ildə şirkəti tərk etmək məcburiyyətində qalıb.

VK-dan ayrıldıqdan sonra Pavel Durov qardaşı Nikolay Durov ilə birlikdə Telegram-ı qurub. 2013-cü ildə istifadəyə verilən Telegram, təhlükəsiz mesajlaşma və istifadəçi məxfiliyinə yönəlmiş proqram kimi tez bir zamanda populyarlıq qazanıb.

Durov Telegram-da məxfiliyin qorunmasında qətiyyətli mövqe tutur və bu, tətbiqi bütün dünyada milyonlarla istifadəçinin üstün tutmasına səbəb olub.

Pavel Durov liberter baxışları və şəxsi toxunulmazlıq hüquqlarına verdiyi önəmlə tanınır. O, tez-tez avtoritar rejimlərə qarşı mövqeyi ilə gündəmə gəlir. O, texnologiya dünyasında bir növ “rəqəmsal köçəri” adlandırılır. Çünki Rusiyanı tərk etdikdən sonra bir çox müxtəlif ölkələrdə yaşayıb və heç bir ölkəyə sadiq qalmayıb.

Durov sadə həyat tərzi sürür və vegan qidalanma və meditasiya kimi sağlam həyat vərdişlərinə əhəmiyyət verir. O, həmçinin kriptovalyuta və blokçeyn texnologiyalarına marağı ilə tanınır.

Forbes-in məlumatına görə, onun sərvəti 15 milyard dollardan çoxdur.

Günel Məlikzadə