-
- 28-08-2024, 16:09
- 453
Xərçəngdən necə qorunaq? - Professor cavabladı
"Dünyada xərçəngin artan statistikası qeyd edilir".
Bunu News24.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor xərçəngin yayılmasının koronavirus pandemiyasından sonra immun sistemdə yaranmış təlatümlərlə izah edildiyi haqqında müxtəlif məlumatlar olduğunu vurğulayıb:
"Amma hələlik konkret olaraq dünyanın mötəbər elmi mərkəzlərinin bununla bağlı təsdiqedici informasiyaları yoxdur. Ümumiyyətlə, insanlar xərçəngin bir xəstəlik olaraq mahiyyətini başa düşmürlər. Xərçəng çox mürəkkəb, geniş anlayışdır. Əvvəla, bu bədxassəli törəmə deməkdir. Yəni, orqanizmə tabe olmayan, artıb çoxalan, yayılan və orqanizmin məhvinə gətirib çıxaran bir xəstəlikdir. Xərçəng orqanizmin içərisində inkişaf edən başqa bir başlanğıcdır. Ona görə də xərçəng xəstəliyinin müalicəsi və s. kimi iddialar tamamilə yanlışdır".
Həkim xərçəng xəstələrinin sayının artmasını əhalinin çoxalması ilə bağlı olduğunu deyib. Xərçəngdən necə qorunaq sualının cavabı isə çox sadədir:
- qida mədəniyyətinə düzgün riayət etmək,
- sağlam qidalanmaya fikir vermək,
- nəfsimizə nəzarət etmək,
- fiziki aktivliyi artırmaq,
- açıq havada gəzmək,
- az yeyib, çox hərəkət etmək.
"Bunlardan başqa, siqaret çəkmək, qəlyan çəkmək, elektron siqaretlər də bura daxildir və digər zərərli vərdişlər də xərçəngə gedən yolu yoldur. İnsanlar nə qədər ki, öz həyatlarını tənzimləməyəcəklər, onlar öz fizioloji ömrünü yaşamaq imkanından məhrum olacaqlar".
Günel Məlikzadə