Zəlzələlər qızıl külçələrinin əmələ gəlməsinə səbəb olur
    • 3-09-2024, 22:11
    • 1 871

Zəlzələlər qızıl külçələrinin əmələ gəlməsinə səbəb olur

Avstraliyalı geoloqlar zəlzələlər nəticəsində kvars yataqlarında qızıl külçələrinin əmələ gəldiyini müəyyən ediblər. Onların titrəmələri kvarsın elektrik enerjisi istehsal etməsinə və yeraltı geotermal mayelərdə mövcud olan qızıl ionlarının azalmasına səbəb olur.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Nature Geoscience" yazır.

Bu nəticəyə Avstraliyanın Sidneydəki Neytron Səpilmə Mərkəzinin (ANSTO) tədqiqatçısı Vladimir Luzinin rəhbərlik etdiyi bir qrup geoloq kvars yataqlarının və hidrotermal mayelərin qarşılıqlı əlaqəsini öyrənərkən gəlib. Elm adamlarının bu qarşılıqlı əlaqəyə marağı onunla bağlıdır ki, Yer kürəsində mövcud olan bütün yerli qızıl yataqları ehtimal ki, oxşar şəkildə formalaşıb.

Luzin və onun həmkarları təxmin edirlər ki, kvars müxtəlif mexaniki deformasiyalar, o cümlədən seysmik vibrasiyaya məruz qaldıqda elektrik cərəyanı yaradan təbii pyezoelektrik materialdır.

Bu elektrik qızıl ionlarının digər molekullarla reaksiyaya girməsinə, onlardan elektronları "almasına" və nanohissəciklər şəklində çökməsinə səbəb olur.

Eksperimentlər göstərib ki, kvars süxurlarının təbəqələri arasında sürətlə qızıl nanohissəcikləri yaranmağa başlayıb və sonradan onların ölçüləri bir neçə mikrometr diametrli qızıl qum dənələrinə qədər böyüyüb. Qızıl nanohissəciklərinin artıq mövcud olduğu hallarda bu proses əhəmiyyətli dərəcədə sürətlənib ki, bu da onların qızılın çökməsi prosesində və qızıl külçələrinin əmələ gəlməsində mühüm rolunu göstərir. Alimlər bunun yeni qızıl yataqlarının axtarışına kömək edəcəyini düşünürlər.