Onkoloqdan BU QADINLARLA bağlı SOS!
    • Bu gün, 19:55
    • 250

Onkoloqdan BU QADINLARLA bağlı SOS!

Statistika göstərir ki, 30 yaşından sonra ailə quranların süd vəzi xərçənginə tutulma ehtimalı erkən yaşda ailə quran qadından çoxdur

Azərbaycanda xərçəng xəstələrinin sayında artım var. Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2023-cü ilin sonuna ölkədə 70 minə yaxın xərçəng xəstəsi qeydə alınıb. Onlardan ötən il 13666 nəfərdə bədxassəli şiş aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl Azərbaycanda 62 385 onkoloji xəstə qeydiyyatda olub.

Rəsmi statistikaya görə, hər il xəstələr arasında qadınların sayı artır. Əgər əvvəllər kişi və qadınların nisbəti demək olar ki, bərabər idisə, son iki ildə xərçəngə daha çox qadınlarda diaqnoz qoyulub. 2023-cü ildə 13,666 yeni hadisənin 7,224-ü qadındır və döş xərçəngi ən çox diaqnoz qoyulan xərçəngdir. Döş xərçəngi ölkədə yeni diaqnoz qoyulan xərçənglər arasında birinci yerdədir (2023-cü ildə 2541 hal). Sonrakı yerlərdə traxeya, bronxlar və ağciyər xərçəngi (1461 hadisə), mədə xərçəngi (1363 hal), düz bağırsaq xərçəngi (775 hadisə), qida borusu xərçəngi (504 hadisə) və s. Onkoloji xəstəliklər daha çox 40 yaşdan yuxarı vətəndaşlarda aşkar edilir.

Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Dünyada ürək-damar xəstəliklərindən sonra ən çox can itkisinə səbəb olan bir xəstəlikdir.

Tibbin inkişafı sayəsində xərçəng xəstəliyinin kimyəvi terapiya, radioterapiya, cərrahi üsulla müalicəsi var. Həmçinin insan papilloma virusunun (HPV) peyvəndi sayəsində bir çox insanın xərçəng olmasının qarşısı alınıb.

Xərçəngin “cavanlaşdığı” fikri nə dərəcədə ciddidir və bu vəziyyətin səbəbi nədir? İnsanlar daha çox hansı risk faktorlarına diqqət etməlidir?

News24.az xəbər verir ki, tanınmış onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, qadınların ailə həyatı qurmasını gecikdirməsi xərçəngin yaranmasına birbaşa təsir edir: “İllər öncə qadınlar 17-18 yaşında ailə qurardılar. Hətta belə bir məsəl var ki, yəhudilərdə qız 25 yaşına kimi ərə getmirsə, bu, nəslin böyük bir problemi hesab olunur. İndi isə qadınlar 40 yaşında ərə getmək istəmir. Deyir ki, hələ gəncdir. Statistika göstərir ki, 30 yaşından sonra ailə quranların süd vəzi xərçənginə tutulma ehtimalı erkən yaşda ailə quran qadından çoxdur. Sonrakı 10 illərdə də bu risk 100 faiz artır. Doğuşların sayı kifayət qədər azalıb. Cinsi partnyorların sayı isə artıb.

Qadınlar uşağa ana südü vermək istəmir. Bu da təsiredici faktordur. Süd vəzi xərçəngi ölkəyə görə dəyişir. İnkişaf etmiş ölkələrdə bu rəqəm yüksəkdir. Çünki həmin ölkələrdə qadınlar ailə haqqında deyil, daha çox karyera barədə düşünürlər. Qadınları kişilərlə bərabərləşdirib süd vəzi xərçəngini çoxaldırıq. Qadın bu dəqiq öz funksiyasında deyil. Xanımlar nəsli artırmaqla məşğul olmalıdır. Qidalandığı ərzağın kalorisini yandırmaq üçün fiziki hərəkətdə passivlik var. Axşam saat 8-də işdən çıxan qadın gəlib nə edəcək ki? ABŞ, Almaniya, Fransa, Böyük Britaniyaya nəzər salın. Orada yerli əhali qalmayıb. Çoxusu gəlmələrdir. Çünki yeprli əhali məhv olub getdi". 

Həkim deyir ki, xərçəng xəstəliyində stressin də rolu danılmazdır.  Onun sözlərinə görə, bu xəstəliyin müalicəsi erkən aşkarlandıqda mümkündür: “Bizim erkən diaqnostika üçün səhiyyəmiz necə çalışır? Sahə həkimi varmı? Maddi-texniki bazamızın vəziyyəti necədir? Bunları araşdırmalıyıq. Qazaxıstanda xərçəng xəstəliyi elə birinci mərhələdə aşkar edilir. Xərçəngin müalicəsi var. Çox müasir üsullar çıxıb. Ancaq bu üsullar çox bahalıdır. Elə dərmanlar var ki, xəstə il yarım onu qəbul etməlidir və buna kifayət qədər pul lazımdır. Erkən aşkar edilmə və müasir diaqnostika şəraitində süd vəzi xərçənginin qorxusu yoxdur”.    

Qeyd edək ki, xərçəng xəstəliyinin yaranma səbəbləri tam məlum olmasa da, iki qrup risk faktoru var. Bunlardan biri genetik meyl, yəni ailədə xəstəlik tarixi, digəri isə ekoloji “asanlaşdırıcı” amillərdir. Ətraf mühit səbəbi ilə xəstəliyin yaranma faktorlarına siqaret və spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiya və ya yüksək dozada rentgen şüalarına məruz qalma, kanseregon kimi tanınan bəzi kimyəvi maddələrə məruz qalma, bəzi viruslar, pis yemək vərdişləri və havanın çirklənməsi amillərini daxil etmək olar. Bunlarla yanaşı, hamiləlik zamanı dölün ana bətnində məruz qaldığı faktorlar da, xərçəng xəstəliyinin yaranma səbəbi kimi qəbul edilir.

İlk öncə xərçəngə qarşı ən yaxşı mübarizə üsulu daxili immunitetdir. Belə ki, əgər immun sistemi zəifdirsə, ilk öncə bunun bərpası üçün çalışmaq lazımdır. Bu xəstəliyin müalicəsi onkoloji mütəxəssislər tərəfindən həyata keçirilir.

“Dünyada onkoloji xəstəliklərin dinamikası artmaqdadır. Bunun ilk səbəbi ekologiyadır”.

Bunu isə “Qaynarinfo”ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor əlavə edib ki, insanların qəbul etdiyi qidaların keyfiyyət paramertlərinin aşağı olması, ekoloji faktorlar, havanın, suyun, torpağın çirklənməsi, siqaret çəkənlərin və alkoqol istifadəçilərinin sayının artması, oturaq həyat tərzi, piylənmə və mübadilə pozuntuları və s. bütün bunlar müasir dövrdə xəstəliyi artıran səbəblərdir: “Bunun nəticəsində xərçəng xəstəliyi artır. Bu xəstəliyi yaradan səbəblərdən biri sərbəst radikallardır ki, bunlar bədəndə həmin dediyim faktorlardan çoxalır. Onlar da zamanla xərçəng şişi törədir. Bununla yanaşı, digər səbəblər də var. Məsələn, onkogen viruslar, hepatit B, C, herpes virusları və s. də xərcəngə gətirən səbəblərdır. Yeni bir amil koronavirus pandemiyası zamanı müəyyən edildi ki, xərçəng xəstələrnin sayı artır. Koronavirusun SARS-CoV-2 ştamının daha çox onkogen xarakterli olması, orqanizmin ciddi təlatümlər yaratması ilə bağlıdır”.

Adil Qeybulla bütün bunların zamanla orqanizmdə öz işini gördüyünü vurğulayıb: “Xərçəng xəstəliyinin pandemiyadan sonra artması da bununla bağlıdır. Bu problemlə bağlı ciddi araşdırmalar aparılır. Onların nəticələri yaxın vaxtlarda açıqlanacaq. Millətin sağlamlaşdırılması üçün xüsusi sağlamlaşdırma proqramları lazımdır. Bundan əlavə, kütləvi idman, qida mədəniyyətinə riayyət, zərərli faktorlardan uzaq gəzmək, havanın təmizlənməsi lazımi amillərdən biridir. Bunlar kütləvi şəkildə həyata keçirilməlidir”.