Hər il bu mərasimə gələn insanlar ən azı 10 min manata yaxın nəzir qoyurlar PAPAQDAN VƏ BÜSTDƏN PUL QAZANANLAR -  FOTOLAR
    • 11-06-2019, 17:29
    • 850

Hər il bu mərasimə gələn insanlar ən azı 10 min manata yaxın nəzir qoyurlar PAPAQDAN VƏ BÜSTDƏN PUL QAZANANLAR - FOTOLAR

“Babam Miribiş ağa 1972-ci ildə iyun ayının 8-də vəfat edib. 47 ildir biz onun anım gününü qeyd edərək ehsan süfrəsi açırıq. Bu məclisə heç kim xüsusi olaraq dəvət olunmur. Azərbaycanın bütün bölgələrindən inanan, tanıyan insanlar gələrək həmin günü seyidin ocağında keçirmək istəyir. Məsələn, bu il ayrı-ayrı yerlərdən 2 mindən artıq insan bu mərasimdə iştirak etmək üçün gəlmişdi".

Bunu News24.az-a açıqlamasında Goraboyun Qurbanzadə kəndində Mir İbiş ağa ocağının nümayəndəsi Şamxal deyir. Şamxalın dediyinə görə, bu məclis hər il iyunun 8-də keçirilir. 

“Bizim ziyarətgah bütün zonada məşhurdur. Babamız Gəncədə İmamzadədə basdırılıb. Cəddimiz güclü olduğuna görə hamı bizə ziyarətə gəlir”.
Heç kimə sirr deyil ki, Azərbaycanda pirlərə, ziyarətgahlara inam azalmır. Hətta, bu inam o qədər güclüdür ki, insanlar ziyarətgaha çevirdikləri bu məkanlarda seyidlərin, övliyaların istifadə etdiyi əşyaların belə onlara təsir etmək gücünə inanırlar. İnsanlar hələ də şəfanı həkimdə, nicatı isə elmdə tapmaq əvəzinə, belə yerlərə üz tuturlar.

Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər isə ölkədə ciddi rezonans doğurub. Videoda pirə gələn insanların şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün büstə əl sürtdüyü, pir yiyəsinin isə onların üzərinə hansısa əşyanı sürtdüyü görünür. Pir yiyəsi ona yaxınlaşan insanların ağzına dişləyib qənd qoyur. Əksəriyyəti insanların başına sürtülən əşyanın qaloş olduğunu yazsa da, seyidin nəvəsi əməkdaşımıza bildirib ki, o, babasının papağıdır. Qurbanzadə kənd sakinləri də təsdiqləyirlər.

Mirismayıl deyir ki, bu mərasimin təşkil edilməsinin xərclərini seyidin nəvələri, bir hissəsini isə ziyarətə gələn insanlar ödəyib. “Orada yazırlar ki, biz bundan qazanc məqsədilə istifadə edirik. Amma heç oradan yığılan pullar 500 adamın ehsanını görmür. 1500 adamın ehsan pulunu biz özümüz ödəmişik".

Amma kənddəki mənbəmiz deyir ki, hər il bu mərasimə gələn insanlar ən azı 10 min manata yaxın nəzir qoyurlar. Söhbət hələ qurbanlıq qoyunlardan, nəzir kimi gətirilən ərzaqdan getmir.

Mirismayıl Məmmədov insanların başına qaloş çəkilməsini isə şər və böhtan adlandırıb: “Orada çəkilən videoda görünən və sosial şəbəkə istifadəçilərinin qaloş zənn etdiyi əşya babamın papağıdır. Təxminən 80-90 ilin papağıdır. 2 min insan o papağa əl sürtsə, papaq tamamilə sıradan çıxar. Buna görə onu sellofan torbaya bükmüşdük”. 

Seyidin nəvəsi deyir ki, ümumiyyətlə gələn insanlar ağanın istifadə etdiyi əşyaları görməyi, onlara toxunmağı tələb edirlər. Çoxları bu əşyaların kəraməti haqda eşitdiklərindən, onların seyidin nəvəsi tərəfindən üstlərinə sürtülməsini istəyirlər.

Amma bu qəti qadağandır. Çünki həmin əşyalar xarab ola bilər. Axə bu gələcək nəsillərə ötürülməlidir.

Mirismayıl Məmmədov videoda görünən büstün babasının büstü olduğunu bildirib: “Biz xüsusi olaraq hazırlamamışıq, bir nəfər hazırlatdırıb, bizə hədiyyə edib”.

Həmin büst isə indi ailəyə əməlli pul gətirir. Çünki ocağa gələnlərin əksəriyyəti həmin büstü öpüb ora nəzir qoyurlar.

Mirismayıl mərasim zamanı bəzi insanların ağzına nəsə qoyulmasına da aydınlıq gətirib: “Ziyarətə gələnlərin bəziləri özləri ilə konfet, şirniyyat gətirirlər. Biz də bu şirniyyatları büstün yanında stolun üzərinə qoyuruq. İnsanlar büstə yaxınlaşanda da, onlara şirniyyat, konfet veririk”.
Maraqlısı odur ki, Mirismayıl Məmmədov babasının 90 ildən qalma papağının insanlara şəfa verdiyinə, onların arzularını həyata keçirdiyinə özü də inanır, bizi də inandırmağa çalışır. Bu zaman o, bundan qazanc əldə etmədiklərini iddia edir, bəzən insanların belə mərasimlərdə pul verdiklərini etiraf da edir.

Goranboydakı mənbəmiz isə deyir ki, əksinə son illər bu ocağa gələnlərin sayı azalır. Çünki insanlar bütpərətsliyə qarşıdılar. Papaq, ya hansısa büst insana necə şəfa verər ki? Ən pisi də odur ki, cavan oğlanlar və qızlar ali məktəbə hazılaşmaqdansa, üzlərini nicat kimi bura tuturlar. Nəticəsi də o olur ki, ali məktəbə daxil ola bilmirlər.

Azər Tağızadə