"Yalnız liseylərdə güclü dərs keçilir" fikri yanlışdır”- Fuad Qarayev
    • 29-10-2019, 13:01
    • 883

"Yalnız liseylərdə güclü dərs keçilir" fikri yanlışdır”- Fuad Qarayev

“Yalnız liseylərdə güclü dərs keçilir fikrilə ümumiyyətlə razı deyiləm”.

Bunu News24.az-a açıqlamasında Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib. O, liseylərdə daha güclü tədrisin olmasının səbəbinə aydınlıq gətirib: “Bildiyiniz kimi,  liseylərə şagirdlərin qəbulu müəyyən imtahanla həyata keçirilir. İstər-istəməz bura gələn şagirdlərin səviyyəsi daha fərqli olduğu üçün orda tədris prosesinə az da olsa təsir edir".

Ancaq tədris bütün məktəblərdə eynidir, eyni dərslikdən keçirlər, eyni yardımçı vəsaitlərdən istifadə edirlər. Mən bununla razı deyiləm ki, liseylərin tədris proqramlarında və yaxud dərsliklərində, yaxud hazırlıq proseslərində müəyyən fərqliliklər olsun. Burda bir balaca fərdi yanaşılır. Bizdə elə lisey olmayan məktəblərimiz var ki, həmin məktəblərdə ayrı-ayrı siniflərin göstəriciləri lisey siniflərin göstəricilərindən heç də pis deyil, hətta deyərdim daha yaxşıdır”.

F.Qarayevin sözlərinə görə, bilikli uşaqlar bütün məktəblərdə var: “Azərbaycanda kifayət qədər kadrlar var, bu kadrlar demək olar ki, müxtəlif məktəblərdə məzun olurlar. İstedadlı və seçilən uşaqlar üçün xüsusi siniflər yaradılır. Çünki onlar fənləri daha dərindən öyrənməli və bu fənləri dərindən öyrənməklə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün onlara müəyyən bir şərait yaradılmalıdır. Bu siniflərin yaradılmasında əsas məqsəd müəyyən profillər üzrə istedadı olan uşaqları həmin post üzrə istiqamətləndirmək, gələcəkdə müəyyən ixtisas seçimində yardımçı olmaqdan ibarətdir.

İstedadlı uşaqlar üçün yaradılan xüsusi sinifləri 90 faizi orta ümumtəhsil məktəblərdə yaradılıb. Bunlar yalnız liseylərdə yaradılmayıb. Bu gün Azərbaycanın 47 rayonunda 117 müxtəlif məktəbdə 162 sinifdə xüsusi istedadlı siniflər var. Ötən il buna başlayanda az sayda başlamışdıq. Azərbaycanın bütün bölgələrində bu tip siniflərin fəaliyyət göstərməsi bizim ən böyük arzumuz və hədəfimizdir”.

Afaq Mirayiq