Sevda Ələkbərzadə Zeynəb Xanlarovanın dünyaya səs salan mahnısına nəfis klip çəkdirdi - VİDEO
    • 4-08-2018, 13:51
    • 2 305

Sevda Ələkbərzadə Zeynəb Xanlarovanın dünyaya səs salan mahnısına nəfis klip çəkdirdi - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə “Baku Music Factory” Azərbaycan musiqi yutub kanalında "Qal, sənə qurban" mahnısına çəkdiyi klipini təqdim edib.

İstedadlı bəstəkar Ələkbər Tağıyevin Azərbaycan ədəbiyyatında böyük iz qoymuş şair Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Sənə qurban” mahnısı ilk dəfə əfsanəvi Azərbaycan müğənnisi və Xalq artisti Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilib. Mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən müxtəlif dillərdə oxunub.

Azərbaycan musiqi tarixində silinməz izlər qoyan kompozisiyaya bu dəfə əməkdar artist Sevda Ələkbərzadə müraicət edib. Aranjimanı Ramin Əliyə aid olan kompozisiya S.Ələkbərzadənin ifasında yeni tərzdə səslənib. Layihənin musiqi prodüseri kimi İsmayıl Əsədov çıxış edib.
Əməkdar artist sözügedən kompozisiya klip çəkdirib. Müğənninin “Sən yadıma düşəndə” və “Şahzadə” kliplərinin də müəlliflərindən olan rejissor Fərhad Əli mahnıya nəfis klip çəkib. Vizual effektlərinin müəllifi isə Emin Mehdiyev olub.

"Qaln, sənə qurban" klipində sənətçinin obrazı üzərində stilistlər Elnur Həsənov və Leyla İsa çalışıb.

Məlumat üçün bildirək ki, bu mahnı Zeynəb Xanlarovanın ifasında bir çox Yaxın Şərq ölkələrində, o cümlədən Suriyanın Hələb şəhərində və Türkiyənin bir neçə şəhərlərində populyarlaşıb. “Qal, sənə qurban” Türkiyədə "Mavi boncuq" adı ilə məşhurdur və Mikayıl Müşfiqin yox, Ülkü Aker adlı şairin yazdığı sözlərlə ifa edilir. İlk dəfə 1974-cü ildə "Mavi boncuq" adlı türk filmində Emel Sayın tərəfindən ifa edilib.

1972-ci ildə çəkilmiş "Sahanum" adlı televiziya tamaşasında "Qal, sənə qurban" mahnısı ərəb dilində əsas qəhrəmanın dilindən səsləndirilib.
1974-cü ildə Türkiyədə "Mavi boncuq" filmində istifadə edilməsindən qısa müddət sonra film Balkanlarda və Yunanıstanda da məşhurlaşıb. 1970-ci illərdə Yunanıstan müğənnisi Filippos Nikolaou mahnını yunan dilində "Pare Pare Me" adı ilə ifa edib. Ərəbdilli ölkələrdə mahnı "Fatoum fatoum fatoume" adı ilə tanınır.

Publika.az