-
- 13-09-2024, 12:26
- 7 451
Sürücüsüz taksilər Bakıda – FOTO
Bakıda yeni sürücüsüz taksi xidməti “City car” fəaliyyətə başlayıb. Artıq şəhərin müxtəlif ünvanlarında bu avtomobillərə rast gəlmək olar.
İstifadə qaydaları necədir?
Qeyd edək ki, bu avtomobillərdən icarə əsasında 2 illik sürücülük təcrübəsi olan istənilən vətəndaş istifadə edə bilər. Onu icarəyə götürən şəxs avtomobillə istədiyi ünvana gedir və orada avtomobili park edir. Yəni avtomobili icarəyə götürdüyü yerə qaytarmaq lazım gəlmir.
Avtomobili idarə etmək üçün tətbiqdə qeydiyyatı aktivləşdirdikdən sonra qapılar açılır. Bundan sonra avtomobilin üzərindəki açarla maşını işə salıb hərəkət etmək mümkündür.
Bu avtomobillər həm benzinlə, həm də elektriklə çalışır. İcarədar bu seçimdə azaddır.
Burada yanacaqdoldurma məsələsi də maraqlıdır.
“City car” tətbiqinə daxil olmaqla icarəyə götürdüyünüz avtomobilin nə qədər yanacaq və yaxud nə qədər enerjisi olduğunu öyrənə bilirsiniz. Bundan əlavə, avtomobilləri yanacağı, yaxud enerjini istifadə edən şəxslər yox, şirkətin əməkdaşları edirlər.
Bəs qiymət necə tənzimlənir?
“City car”dan Bizim.Media-ya bildirilib ki, icarədarlar üçün 2 cür qiymət müəyyən edilib:
“Elektrik avtomobillərin icarə haqqı 1 dəqiqə üçün 40, benzinlə işləyən avtomobillər üçünsə 45 qəpikdir. Bundan əlavə, tətbiqə daxil olarkən yerli sifarişçi 10, əcnəbi isə 200 manat depozit qoyur. Yerli müştərinin depoziti sifariş başa çatana, əcnəbi vətəndaşınsa depoziti 14 iş gündə geri qaytarılır. Əcnəbilərin depoziti ona görə gec qaytarılır ki, onun hansısa bir cəriməsinin olub-olmadığını araşdırırıq”.
Avtomobillərin harda park edildiyini öyrənmək üçün “İnstagram” üzərindən “City car”səhifəsinə daxil olub və avtomobillərin hansı ünvanda dayandığını görmək mümkündür”.