Şəhid ailələrinə birdəfəlik ödəmələrin siyahısı dərc ediləcək
    • 4-08-2018, 16:03
    • 3 980

Şəhid ailələrinə birdəfəlik ödəmələrin siyahısı dərc ediləcək

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış Komissiyanın növbəti iclası olub.

ƏƏSMN-dən News24.az-a verilən məlumata görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırılırdı. Qeyd olunan Sərəncam isə daha 300 mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasınə nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan verir.

S.Babayev 19 aprel 2018-ci il tarixli Fərmanının da şəhid ailələrinin sosial müdafiəsində mühüm addım olduğunu qeyd edib. O, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün Komissiya tərəfindən ötən dövrdə aparılan işlər haqqında məlumat verib. Nazir vurğulayıb ki, ƏƏSMN-nin müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Hazırda bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.

S.Babayev dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi saytında dərc ediləcəyini deyib. Nazir qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün notariat orqanlarına müraciət etmələri barədə əhalinin KİV vasitəsilə geniş məlumatlandırılması təmin olunacaq. Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o, nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata keçiriləcək.