45 dəqiqə davam edən mübarizə: Həkimlər 6 uşaq anasını belə xilas etdilər - Video

45 dəqiqə davam edən mübarizə: Həkimlər 6 uşaq anasını belə xilas etdilər - Video Hadisə

Şirvanda həkimlər ürəyi dayanan pasiyentin həyatını 45 dəqiqə sonra xilas ediblər.

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu sosial media hesabından paylaşım edib.

Qurum rəsmisi bildirib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ürəyi dayanan 37 yaşlı qadın pasiyent uzun sürən reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb:

"Cərrahi əməliyyatdan təxminən bir həftə sonra pasiyentin vəziyyəti qəfil ağırlaşıb. Bu il noyabrın 25-də saat 13:50 radələrində kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest qeydə alınıb. Dərhal reanimasiya tədbirlərinə başlanılıb. Həkimlər tərəfindən 45 dəqiqə ərzində fasiləsiz qapalı ürək masajı aparılıb, inotrop dəstək göstərilib, tənəffüs yolları intubasiya olunub və süni ventilyasiya tətbiq edilib. Reanimasiya şöbəsində həkimin israrlı müdaxilələri nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub".

Elnur Hidayətoğlu bildirib ki, noyabrın 19-da xəstəxanaya yerləşdirilən, 1988-ci il təvəllüdlü qadına xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz və mexaniki sarılıq diaqnozları qoyulub:

"Zəruri müayinələrdən sonra üzərində cərrahi əməliyyat uğurla icra edilib və müalicəsi davam etdirilib. Hadisədən sonra pasiyent reanimasiya şöbəsində respirator və hemodinamik dəstəklə nəzarətdə saxlanılıb. Zamanla vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qalxıb və ümumi durumu stabil qiymətləndirilib. 6 uşaq anası olan pasiyent hazırda ambulator müalicə üçün evə buraxılıb".