Qalib Xiaomi yoxsa Apple?
    • 19-09-2024, 18:33
    • 342

Qalib Xiaomi yoxsa Apple?

Texnologiya dünyasında rəqabət günü-gündən qızışır, avqust ayında smartfon bazarında balanslar dəyişib. 

Bəs, hansı marka birinci oldu?

News24.az Counterpoint Research bazar araşdırması şirkətinin hesabatına istinadən xəbər verir ki, Xiaomi avqust ayında qlobal smartfon satışlarında Apple-ı geridə qoyaraq ikinci yerə yüksəlib. Bu o deməkdir ki, texnologiya nəhəngi keçən yaydan bəri ilk dəfə olaraq Apple-ı geridə qoyub.

Xiaomi ilin ilk yarısında tədarüklərini illik bazda 22 faiz artırıb. Yeni iPhone modellərinin satışa çıxarılmasından əvvəl satışlarında azalma yaşayan Apple-ı geridə qoyan şirkət avqust ayında satışlarını sabit saxlamağı bacarıb.

Əslində satış baxımından Xiaomi və Apple arasında rəqabətin olması təəccüblü deyil. İstifadəçilər sentyabrda yeni iPhone modellərini gözləyirlər. Buna görə yay dövründə Apple cəbhəsində satışlar yavaşlayır. Mövsümi təsir əsas bazarlardakı azalmaları kompensasiya edərək Xiaomi-nin böyüməsinə imkan verir.

Tədqiqatçılar Xiaomi-nin hər qiymət seqmentində qabaqcıl modellər təklif edə bildiyini və bununla da satışlarını artırdığını bildiriblər. Bundan əlavə, Xiaomi-nin əsas bazarlarında iqtisadi canlanma da giriş səviyyəli telefonlara tələbi artırıb. Əlbəttə, unutmaq olmaz ki, Samsung hələ də birinci yerdədir.

Digər tərəfdən, şirkət yeni qatlana bilən və yüksək səviyyəli cihazları ilə premium seqmentdə də irəliləyir. Bununla belə, iPhone 16-nın təqdimatı ilə Apple-ın liderliyi geri alacağı gözlənilir.

Günel Məlikzadə