-
- 20-09-2024, 10:52
- 389
Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu - QORXUNC FAKTLAR
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
Narinin ölümü ilə bağlı Ədliyyə Tibb Qurumunun hesabatı tamamlanıb. Uşağın hansı tarixdə və necə öldürüldüyü məlum olub.
Hesabata görə, Narin ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.
Hesabatda mövcud məlumatlar əsasında uşağın cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmənin aparılmasının mümkün olmadığı qeyd edilib.
Həmçinin ayağının sol dizindən aşağı qopmasına səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.
"Uşağın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigen çatışmazlığı səbəbindən baş verdiyi yekdilliklə təsdiqlənib", - deyə hesabatda bildirilib.
Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərinin araşdırılması isə davam edir və bu barədə tibbi rəyin sentyabrın 21-də açıqlanması gözlənilir./Oxu.Az