-
- 20-09-2024, 13:04
- 258
İş adamı da yoxa çıxdı
Livana peycerlərin tədarükü ilə məşğul olduğu iddia edilən Bolqarıstanın “Norta Global” şirkətinin sahibi olan norveçli iş adamı Rinson Yosi yoxa çıxıb.
News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-də Yossi Oslo ətrafındakı mənzilindən çıxıb və planlaşdırılmış işgüzar səfərə gedib. O vaxtdan bəri Norveç media konqlomeratı NHST-nin rəhbərliyi onunla əlaqə saxlaya bilmir. Sentyabrın 18-i axşam NHST nümayəndələri Norveç Polisinin Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıblar. Oslo dairə polisi sentyabrın 19-da məlumatla bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.
Nəşr qeyd edir ki, Yossinin peycerlərə partlayıcı quraşdırmaq üzrə hər hansı əməliyyatdan xəbəri olduğunu düşünmək üçün heç bir əsas yoxdur.
Bundan əvvəl Macarıstanın “Telex” portalı Livanda partlayan peycerlərin Macarıstanın “BAC Consulting” şirkəti tərəfindən deyil, Bolqarıstanın “Norta Global” şirkəti tərəfindən Tayvanın “Apollo” şirkətindən alına biləcəyi ilə bağlı açıqlama verib.
Məlumata görə, Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” şirkəti yalnız Tayvan şirkəti ilə müqavilə bağlayan vasitəçi kimi fəaliyyət göstərib və peycerlərin alınmasında birbaşa olaraq Sofiyadan olan şirkət iştirak edib.
“Telex” iddia edir ki, “Norta Global” peycerləri şiə Hizbullah hərəkatına “çatdırmağı təşkil edib və satıb”. Beləliklə, portalın xəbər verdiyi kimi, bu cihazlar heç vaxt Macarıstanda olmayıb.
Nəşr həmçinin qeyd edib ki, Bolqarıstan şirkəti 2022-ci ildə yaradılıb və adı açıqlanmayan Norveç vətəndaşına məxsusdur. O, layihənin idarə edilməsi ilə məşğul olur, lakin heç bir şey istehsal etmir.
Portalın qeyd etdiyi kimi, onun ünvanında daha 196 şirkət qeydiyyatdan keçib.