-
- 20-09-2024, 14:27
- 348
Göz yaşı ilə yola salınan məktəb direktoru: "Öz istəyi ilə getmədi..."
Bakının Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbin direktoru Cavid Əliyev başqa məktəbə direktor təyin olunub. Şagirdlər onu göz yaşları ilə yola salıblar. Məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən yolasalma görüntüləri sosial şəbəkələrdə də geniş yayılıb.
News24.az bildirir ki, 86 nömrəli məktəbdən Teleqraf.com-a bildirilib ki, təhsil müəssisəsinin yeni direktoru Günel Səmədovadır:
“2019-cu ildən məktəbdə direktor işləyən Cavid müəllim buradan öz istəyi ilə ayrılmadı. Çox gözəl insan, bütün uşaqların sevimlisi idi. Hər səhər şagirdləri qapıda qarşılayıb, özü yola salırdı. İxtisasca Coğrafiya müəllimidir. İşlədiyi müddətdə məktəbdə çox irəliləyişlər oldu. 2019-cü ildən əvvəl məktəbimiz Xətai rayonu üzrə 25-ci yerdə idi. Cavid müəllim gəldikdən sonra rayonu üzrə 36 məktəb arasında 6-cı yerə çıxdıq. Bu, 5 il fəaliyyət göstərən direktor üçün böyük uğurdur. Valideynlər də onun məktəbdən ayrılmasına çox pis oldular. Çox arxayın idilər ki, övladları belə direktoru olan təhsil ocağına gedirlər. Hər şagirdə ayrı-ayrılıqda qayğı göstərirdi”.