“Qarğalar cücərmiş arpama hücum çəkdi”
    • 20-09-2024, 17:27
    • 130

“Qarğalar cücərmiş arpama hücum çəkdi”

“Altı aydır dəymiş ziyana görə sığorta pulumu ala bilmirəm”. 

Bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar rayonunun Nəsimikənd sakini Raqim Əliyev müraciət edib.

44 yaşlı fermerin sözlərinə görə, ötən il əkin prosesində ona bildirilib ki, 10 hektardan artıq əkini olanlar sığorta ödənişi etməsələr, onlara supsidiya pulu ayrılmayacaq: “Özüm də əkinimi sığortalamaqda maraqlı idim və bunu etdim. Həmişə olduğu kimi, ötən il aqrotexniki qaydalara dəqiqliklə əməl etməklə arpa əkdim. Əkin işi bitdikdən sonra suvardım və sahə yaxşı vəziyyətdə idi. Qəfildən havaların qeyri-sabit keçməsindən sonra gözlənilmədən qarğalar yeni cücərmiş arpaya hücum çəkdilər. Mübarizələrim nəticə vermədi. Bir tərəfdən də yağışların intensivliyi əkini tamamilə batırdı. Əkdiyim 14.52 hektar arpa sahəsinin 7.2 hektarı məhv oldu. Ancaq bu günə kimi sığorta pulunu ala bilmirəm”.

Vətəndaş deyir ki, fəlakətlə üzləşdiyi ilk gündən vəziyyətlə bağlı Aqrar Sığorta Fonduna müraciət edib: “Buradan gələn komissiya əkin səhələrimə baxış keçirdi və təbiət hadisəsi səbəbindən dəymiş ziyanı təsdiqlədilər. Biçin prosesinə 20 gün qalmış sığotadan gələn nümayəndələr sahəyə baxış keçirib əkinin məhv olduğuna bir daha şahid olub, çəkilişlər edib getdilər. Ötən müddət ərzində dəfələrlə “Aqrar Sığorta”nın qaynar xətti ilə əlaqə saxlayıb mənə məxsuz taxıl sahəsinə sığorta pulunun hesablanıb-hesablanmadığını öyrəməyə çalışmışam. Əvvəlcə dedilər ki, “sizə dəymiş ziyana görə ekspertizanın işi tamamlanmayıb”. Sonuncu dəfə avqustda etdiyim müraciətdə isə məlumat verdilər ki, mənim əkinimə təbiət quşlarının vurduğu kütləvi ziyan təsdiqini tapıb, sığorta pulu hesablanıb və yaxın vaxtlarda ödəniləcək. Ancaq bundan sonra etdiyim müraciətlər yenə heç bir nəticə verməyib. İndi qarşıdan yeni mövsümün əkin prosesi yaxınlaşır və mənə kömək olunmasa, əkin apara bilməyəcəyəm”. 

Məsələ ilə bağlı Aqrar Sığorta Fonduna müraciət etdik. Qurumdan sorğumuza belə cavab verildi: “Əliyev Raqim Həsənxan oğluna aid 3 müqavilə üzrə sığortalanmış ümumilikdə 14,52 ha arpa sahəsi mövcuddur. Fermer 14,52 hektar ərazinin sığortalanması üçün 115 manat ödəniş edib, yəni hər 1 hektar arpa sahəsinin sığortalanması fermerə cəmi 7 manat 90 qəpiyə başa gəlib. Onun müraciətindən sonra onun ərazisinə baxış keçirilməsi üçün müstəqil aqrar sığorta eksperti təyin edilib və ərazidə 2 dəfə - 09.03.2024-cü il tarixində birinci ekspertiza, 08.05.2024-cü il tarixində isə ikinci ekspertiza həyata keçirilib. 

Ekspertiza nəticəsində əkin sahəsində qar yağıntılarından heç bir zərər aşkar edilməyib, lakin qarğaların hücumuna görə 7.52 ha arpa sahəsinə 39 % zərər dəydiyi hesablanıb. 

Qeyd edək ki, “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə fermerə rəsmi məlumat verir. 

Hazırda Aqrar Sığorta Fondunun “Hadisələrin tənzimlənməsi və araşdırılması” şöbəsi tərəfindən təsərrüfatda baş vermiş hadisə ilə əlaqədar sənədlərin toplanması davam edir. Həmin məsələ ilə əlaqədar sənədlər əldə edildikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək və fermerimizə müvafiq ödəniş ediləcək”.