-
- 21-09-2024, 14:23
- 1 063
Ət bahalaşacaq
Ət məhsulları bahalaşmaqda davam edir. Artıq paytaxtda dana ətinin bir kiloqramı 16, quzu ətinin bir kiloqramı isə 21-22 manata təklif olunur. Bu isə o deməkdir ki, son bir ayda ət 10-15 faiz bahalaşıb.
Halbuki, yay aylarında bir qayda olaraq ətin ucuzlaşması müşahidə olunurdu. Lakin ötən ildən başlayaraq bu ənənə pozulub. Ötən yayda olduğu kimi, bu yay da ət məhsulları bahalaşmaqda davam edib.
Bunun da bir sıra səbəbləri var.
Başlıca səbəbsə ölkədə heyvanların baş sayının sürətlə azalmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 2 milyon 507,7 min baş iribuynuzlu mal-qara qeydə alınıb. Bu, son on ilin göstəriciləri ilə müqayisədə 189,8 min baş azdır. 2015-ci ildə Azərbaycanda 2 milyon 697,5 min baş iribuynuzlu mal-qara qeydə alınıb.
Bundan başqa, bu il qoyun və keçilərin sayı 7 milyon 60,6 min baş olub ki, bu da, on il əvvəllə müqayisədə 1 milyon 584,8 min baş azdır. 2015-ci ildə bu say 8 milyon 645,5 min idi.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ət istehsalının və mal-qaranın sayının azalmasının başlıca səbəbi heyvandarlığa marağın azalmasıdır:
“Otlaq sahələri az olduğu üçün fermerlər də bu sahəyə investisiya qoymaq istəmir. Çünki qapalı şəraitdə 5-10 baş iribuynuzlu və 40-50 baş xırdabuynuzlu heyvan saxlamaq olar. Bundan əlavə qapalı şəraitdə saxlanılan heyvanları bəsləmək xeyli baha başa gəlir. Ona görə də fermerlər yavaş-yavaş heyvandarlıqdan çəkinirlər”.
Müsahibimiz bahalaşmanın digər bir səbəbi kimi bu ilin yaz-yay aylarının yağıntılı keçməsini söyləyib:
“Yağışlar təbii və süni biçənəklərə böyük zərər vurdu. Nəticədə, yonca kipinin qiyməti 7-8 manata bahalaşıb. Halbuki, ötən il bu 3-4 manat idi”.
Akif Nəsirli hesab edir ki, fermerlər arasında yenilikləri təşviq etmək lazımdır:
“Noyabr-dekabr aylarından mart ayına qədər heyvanlarda döl zamanı hesab olunur. Bu aralıqda doğulan quzular bir qayda olaraq quzu ətinə olan tələbatı əsasən ödəyir. Lakin son illərdə tələbat artığına görə artıq klassik ənənədən əl çəkilməlidir. Çünki iri buynuzlu heyvanlarda olduğu kim xırda davarlarda da süni mayalanma aparmaq mümkündür. Fermerlər yeni metoddan istifadə etsələr ildə ən azı davarlardan 2 dəfə bala alarlar. Bu da ehtiyacı böyük ölçüdə qarşılayar.
Bununla belə xırda buynuzlu heyvanların becərilməsi üçün örüş yeri mütləqdir. Çünki təbii otlaqlarda bir fermer 1000 qoyun saxlaya bilir, ancaq qapalı şəraitdə bu rəqəm ən azı 10 dəfə aşağı düşür.
Bu məsələ öz həllini tapmadıqca ətin qiyməti sürətlə bahalaşacaq.
Hazırkı, bahalaşma isə davam edəcək. Artıq toy mövsümü başlayıb. Üstəlik, soyuq aylarda insanlar ət məhsullarına qida rasionunda daha çox yer ayırırlar. Beləcə, artan tələbat qarşılığında təklifin azlığı bahalaşmanı sürətləndirəcək”.