5 yaşadək uşaqlara 150 manat uşaqpulu verilə bilər - Açıqlama
    • 23-09-2024, 17:36
    • 1 268

5 yaşadək uşaqlara 150 manat uşaqpulu verilə bilər - Açıqlama

“İşsizlik, əməkhaqqı azlığı səbəbindən hazırda bir çox ailələrin maddi çətinlikləri var. Bu sıxıntıların aradan qaldırılması üçün həmin ailələrə yardım edilməsi vacibdir. Xüsusən də çoxuşaqlı ailələrə dəstək məqsədilə uşaqpulunun bərpasını xüsusi qeyd etmək lazımdır. Bir çox ailələrdə ilk övladın dünyaya gəlməsinə hazırlıq görür. Amma artıq ikinci, üçüncü, dördüncü uşağı dünyaya gətirmək problem olur. Ona görə də, ailədə birinci uşaqdan sonrakı uşaqlara hər ay sabit məbləğdə uşaqpulu verilməsi yaxşı olardı. Bu, 100 -150 manat da ola bilər və Azərbaycan üçün o qədər yüksək məbləğ deyil. Uşaqpulu üçün təxminən 1 milyarddan bir qədər yuxarı məbləğ tələb olunur ki, bu da büdcənin təxminən 1/30-i qədərdir. Ailənin ilk uşağından sonrakı uşaqlara uşaqpulunun verilməsi demoqrafik vəziyyətə də müsbət təsir edər".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arasında olur:

"Xüsusi baxım malları, yeməklər, səhiyyə xərcləri məhz bu yaş qrupunda daha çox olur. Ölkədə 0-5 yaş arası uşaqların sayı 700 mindən artıqdır. İlkin mərhələdə onların hər birinə 150 manat ödəmək üçün 1 milyard 278 milyon manat vəsait lazımdır. Bu vəsaiti ödəməyə dövlətin pulu var. Çünki onsuz da müxtəlif sosial paketlərlə 600 min uşağa ödənişlər edilir. Bunun üçün büdcədə vəsait indi də var. Deməli, təsnifatı dəyişməklə, ünvanlılığı və şəffaflığı artırmaqla ilkin mərhələdə 700 mindən artıq 0-5 yaş arası uşaqlara uşaqpulu vermək olar".

N.Cəfərlinin sözlərinə görə, bu zaman nəzarət mexanizmi də yaradılmalıdır ki, valideynlərin xərcləmə məsuliyyəti olsun:

"Yəni, həmin vəsaitin məhz uşaqlara xərclənməsi üçün monirotinq mexanizmi də qurulmalıdır. Hökumət bu işin fəlsəfəsini öyrənərək, ilkin mərhələdə 0-5 yaş uşaqlara ayda 150 manat ödəmək öhdəliyi götürür, 2025-ci ilə qədər bu mexanizm işləyir, doğuşun azaldığını nəzərə alaraq, 2025-ci ildə 0-5 yaş arası uşaqların sayı 600 min civarında olacaq, o yaş qrupuna ödənilən illik vəsait azalacaq, cəmi 1 milyard manata düşəcək. Deməli, 2025-də yaş qrupunun sərhədlərini artırmaq olar, 2025-dən sonra 0-5 yaş deyil, 0-10 yaş arası vətəndaşlara 150 manat ödəmək mümkündür. Növbəti 5 ildə bu mexanizm işləsə, 2030-cu ildə artıq 0-15 yaş arası uşaqlara ayda 150 manat ödəmək üçün iqtisadi imkanlar formalaşacaq. Beləliklə, ağılla, vicdanla, şəffaflıqla bu işə yanaşsalar, 2025-2030-cu illər arası 0-15 yaş qrupuna aid olan bütün uşaqlarımıza ayda 150 manat ödəniş etmək mümkündür. Dövlət gələcək nəsillər qarşısında sosial məsuliyyətini hiss etməlidir”.