-
- 25-09-2024, 21:54
- 211
Yaponiyada düyü qıtlığı: "Suşi" sevdası...
Yaponiyada pis hava şəraiti, turistlərin sayının artması və təbii fəlakətlərə hazırlıq səbəbiylə düyüyə tələbat sürətlə artarkən, piştaxtalar boşalıb və ehtiyatlar son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
News24.az xəbər verir ki, qıtlığın ən əhəmiyyətli səbəbinin turist sayındakı artım olduğu göstərilib.
Avqust ayında Yaponiyaya səfər edən turistlər suşi və digər düyü əsaslı yeməklərə tələbatı artırıb. 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər turistlərin istehlak etdiyi düyü miqdarı 51 min tona yüksəlib. Yaponiyada düyü qiymətləri avqustda 3 faiz artaraq 60 kiloqram üçün 16 133 yenaya (112,67 dollar) çatıb.
İyun ayında Yaponiyada düyü ehtiyatları 1,56 milyon ton ilə tarixi minimum səviyyəyə çatsa da, turist tələbatı qida xidmətlərinə ehtiyacı da artırıb. Bundan əlavə, yaponiyalılar qarşıdan gələn tayfun mövsümünə və mümkün zəlzələ xəbərdarlığına hazırlıq məqsədilə daha çox düyü ehtiyatı yığıblar.
Onu da qeyd edək ki, düyü qiymətlərinin artması Yaponiyada inflyasiyaya da təsir edib. Avqust ayında inflyasiya yüzdə 2,8 artarkən, ərzaq səbətində ən çox qiymət artımına səbəb olan məhsullar düyü və şokolad qiymətləri olub.
Məryəm İlhamqızı