Məktəblərdə şagirdlərin smartfonlardan istifadəsi qadağan edildi
    • 25-09-2024, 21:46
    • 163

Məktəblərdə şagirdlərin smartfonlardan istifadəsi qadağan edildi

ABŞ-ın Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.

News24.az xəbər verir ki, Qubernator Gavin Newsom tərəfindən imzalanan yeni qanuna əsasən, ştatdakı məktəblər tələbələrin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar.

Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.

Newsom mövzu ilə bağlı verdiyi açıqlamada, "Yeni qanun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişaflarına və dünyaya diqqət etmələrinə kömək edəcək" dedi. 

Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar daha əvvəl şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul ediblər.

Eyni zamanda, məktəblərdə telefondan istifadə Avropanın gündəmindədir. Bir çox ölkələr, xüsusilə Hollandiya, ibtidai, orta və lisey şagirdlərinə məktəbdə telefondan istifadə etməyi qadağan edib. Mütəxəssislər bunun müsbət təsirlərindən danışsa da, tələbələrin əksəriyyəti bu vəziyyəti qəbul etmir.

Günel Məlikzadə