Ən yaxşı tələbəlik illəri Qarabağ Universitetində yaşanır - ÖZƏL
    • 27-09-2024, 10:34
    • 3 350

Ən yaxşı tələbəlik illəri Qarabağ Universitetində yaşanır - ÖZƏL

Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. İşğal dövründə isə fəaliyyəti dayandırıb. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa edib. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilib.

İlk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq. Təhsil alan tələbələrdən biri də Məmmədova Saradır. 


Sara News24.az-a müsahibəsində universiteti haqqında maraqlı olanları cavablayıb, öz təəssüratlarını bölüşüb.


- Mən Məmmədova Sara Murad qızı, 16 yaşım var. Bakı şəhərində anadan olub, burada böyümüşəm. İlk təhsilimi 80 nömrəli orta məktəbdə alıb, 555 bal ilə Qarabağ Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam.

Niyə məhz Qarabağ Universitetini seçdiniz?

- Çünki, bizim universitetimizdə dərs deyən müəllimlərin bir çoxu xarici ölkələrdən gətirilən, bir çoxu isə Azərbaycanın prestijli universitetlərindən gələn müəllimlərdir. Həmçinin bizə ingilis dili dərsləri həftədə 5 gün 10 dərs ( praktik və intensiv dərslər) olmaqla keçirilir. Biz II kursdan etibarən bütün dərslərimizi ingilis dilində keçəcəyik. Eyni zamanda, burada olan tələbələr pulsuz şəkildə yataqxana və kompüterlə də təmin edilir. Onu da qeyd edim ki, özüm də daxil olmaqla hər bir tələbə təhlükə içərisində ola biləcəyindən narahat idi. Ancaq, bura gəldikdən sonra gördük ki, bizim təhlükəsizliyimiz tamamilə təmin edilir. Hər bir küçədə ən azı bir və ya iki polis maşını dayanır və polislərimiz bizə ciddi nəzarət edir.


İlk dəfə Qarabağa ayaq basanda hansı hissləri keçirdiniz?

- Qarabağa ilk addımlarımı atdığım zaman məni çox böyük qürur hissi bürüdü. Bizlər Qarabağımız üçün minlərlə şəhid vermişik və ilk tədris günündə həmin şəhidlərimizin qanının yerdə qalmadığını hiss elədim. Ümid edirəm ki, hər birimiz şəhidlərimizin qanını yerdə qoymayaraq, gələcək Azərbaycan üçün xeyirli övladlar olarıq!

Hazırda yaşadığınız universitet həyatı xəyallarınızdakı kimidir?

- Universitet həyatım təbii ki, xəyallarımdakı kimi keçir. Burada digər şəhərlərdəki universitetlərdən fərqli olaraq sosiallaşmaq daha rahatdır. Buna səbəb isə hər bir tələbənin yataqxanada qalmasıdır. Biz dərslərimizi bitirdikdən sonra yataqxananın həyətində oyunlar oynayıb, söhbət edib maraqlı vaxt keçirdirik. Bəzi zamanlarda tələbələr gətirdikləri çalğı alətlərini ifa edib mahnı da oxuyurlar. Məncə, bu əsl tələbəlik həyatıdır.

Orada olarkən darıxıb sıxılırsınız və ya ən çox nə üçün darıxırsınız?

- Heç bir şeydən sıxılmıram. Ancaq, zaman-zaman hər bir tələbə kimi valideynlərim, ailə üzvlərim, dostlarım üçün darıxıram. Bu zaman isə onlarla görüntülü və ya səsli zəng vasitəsilə danışıram, mesajlaşıram. 

Yataqxana və yeməkxana haqqında məlumat verə bilərsinizmi?

- Yataqxanamız yeməkxana, çamaşırxana, stadion və mətbəxdən ibarətdir. Mətbəxdə isə bir ədəd soyuducu və bir ədəd mikrodalğalı soba var. Mətbəxdə özümüz yemək bişirə bilmərik, ancaq ailəmizin bizə hazır yemək yollamaq icazəsi var. Gələn yeməkləri soyuducuda saxlayıb, mikrodalğalı sobada qızdırıb yeyirik. Yeməkxananın qiymət siyahısı isə aşağıdakı kimidir:


  • Aylıq abunəlik: 210 azn
  • Birdəfəlik bütöv yemək: 4 azn

Hissəli yemək:

  • Şorba - 1.5 azn
  • salat - 1.5 azn
  • Əsas - 2.5 azn
  • Səhər yeməyi - 2 azn

Həftəsonunu necə keçirəcəksiniz?

- Tələbələrin həftəsonunu səmərəli keçirtməsi üçün yataqxanamızda oyun sahələri, pulsuz şəkildə istifadə edə biləcəyimiz velosipedlər və universitetin içərisində olan fitnes zalımız var. Həmçinin şəhərdə müxtəlif kafe və restoranlar da mövcuddur. Eyni zamanda, istədiyimiz vaxt ailələrimizi görmək üçün evimizə gedə və ya ailələrimiz bizə görmək üçün bura gələ bilərlər.

Sonda gələcək tələbələrə Qarabağ Universitetini seçməyi tövsiyə edərdinizmi? 

- Gələcək tələbələrə Qarabağ Universitetini seçməyi təbii ki də tövsiyə edirəm. Dediyim kimi ən yaxşı tələbəlik illəri və həyatının burada yaşandığını düşünürəm.

Günel Məlikzadə
News24.az