Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
    • 27-09-2024, 08:16
    • 174

Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?

Son vaxtlar Azərbaycanda da xüsusən zərif cinsin nümayəndələri arasında daha gözəl görünmək naminə plastik əməliyyatlara meyllilik xeyli artıb. Özü də söhbət təkcə orta yaşlı və yaşlı xanımlardan yox, həm də gənc qızlardan gedir.

Teleaparıcı Nanə Ağamalıyeva isə gözlərinin rəngini dəyişdirib. O, qəhvəyi rəngli gözlərini əməliyyat yolu ilə açıq yaşıla dəyişdirib. Qeyd edək ki, bundan əvvəl də aparıcı Mətanət Əliverdiyeva gözünün rəngini dəyişdirmişdi. 

Araşdırmalar onu göstərir ki, 40-60 dəqiqə ərzində icra olunan bu əməliyyat ölkəmizdə hər iki göz olmaqla 9000 manata başa gəlir. Məbləğ seçilən rənglərə görə əlavə 1000-2000 manat arta da bilər. Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac duyulmur, pasiyent elə həmin gün evə buraxılır. 

Məlumat üçün bildirək ki, göz rəngini dəyişdirmək üçün edilən əməliyyatlar son aylar ölkəmizdə geniş yayılsa da, mütəxəssislər onun sağlamlıq üçün ziyanlarını istisna etmirlər. Belə ki, bir çox oftalmoloq bu tipli estetik müdaxilələrin dünyanın inkişaf etmiş ölkələrində qanunla qadağan edildiyini bildirir, gələcəkdə müxtəlif fəsadlara, hətta korluğa belə səbəb ola biləcəyini deyirlər. Xanım da var ki, plastik əməliyyatlarla simasını dəyişdirməklə az qala, başqa bir adama çevrilir (Azərbaycanda da belə hallar var).

Amerika Oftalmologiya Akademiyası cari ilin yanvarında göz rənginin dəyişdirilməsi prosedurlarının doğuracağı təhlükələr barədə xəbərdarlıq yayıb. Bu təhlükələr sırasında buynuz qişanın zədələnməsi, bulanıq görmə, işığa qarşı həssaslıq, görmənin itirilməsi, allergik reaksiyalar, bakterial infeksiyalar, boyanın qeyri-bərabər paylanması, boyanın gözə sızması, boyanın gözə axması səbəbindən rəngin solğunlaşması var.

ABŞ-da göz rənginin dəyişdirilməsi əməliyyatının qiyməti təqribən 12 min dollar təşkil edir. Rusiya daxil, digər bir çox ölkələrdə isə ümumiyyətlə qadağandır. Böyük Britaniyada bu prosedur kosmetik məqsədlər üçün tamamilə qadağa qoyulub. Bunu etmək istəyənlər isə xarici ölkələrə getməyə məcbur olurlar.

Milli Oftalmologiya Mərkəzinin tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva göz rənginin dəyişdirilməsi prosedurlarının təhlükələri ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu prosedurdan sonra aşağıdakı ağırlaşmalar baş verir:

1) Xroniki quru göz;

2) Ektaziyaya, bulanmaya, buynuz qişanın hidropsuna və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran buynuz qişanın deformasiyası;

3) Yeridilən boyaya reaksiya kimi xroniki fotofobiya, iltihab, uveit;

4) Buynuz qişada yeni qan damarlarının yeni qan damarlarının əmələ gəlməsi;

5) Buynuz qişada çapıq və görmə itkisinə səbəb ola biləcək bakterial və ya göbələk infeksiyası;

Buynuz qişada boyanın qeyri-bərabər paylanması;

Boyanın gözün digər təbəqələrinə nüfuz etməsi;

Miqrasiya və ya boyanın gözə daxil olması səbəbindən rəngin solması;

Qlaukoma;

Tam korluq.

Təbii ki, bu prosedur yaralanma, iltihab və ya buynuz qişanın anadangəlmə anomaliyası səbəbindən gözlərdəki anormal görünüşü (buynuz qişada bulanma və ya çapıq) aradan qaldırmaq üçün edilsə idi, bəlkə də bütün fəsadlara göz yummaq olardı. Amma sadəcə olaraq, pasiyentin gözünün rəngini dəyişmək istəməsi və israr etməsi səbəbindən edilirsə, ixtisaslı oftalmoloq tərəfindən bu, qəbuledilməzdir. Həkim ən azından bu əməliyyatın geri dönüşünün olmaması və ola biləcək ağırlaşmalar haqda ətraflı məlumat verməli, pul, qazanc xatirinə bunu etməməlidir. 

 Dünyanın bütün oftalmoloji cəmiyyətləri “Mən gözlərimin rəngini həmişəlik dəyişmək istəyirəm” səbəbi ilə aparılan bu prosedurun qəti əleyhinədir. Bu gün mavi gözlü, sabah yaşıl gözlü, ertəsi gün qəhvəyi gözlü görünmək istəyirsinizsə, kosmetik (rəngli) kontakt linzalardan istifadə edin.

 İnternetdə buynuz qişanın piqmentasiyası və ağırlaşma riski haqqında çoxlu məlumat var. Təəssüf ki, internetdə göz rənginin dəyişdirilməsi ilə bağlı reklam çarxları bütün dünyada böyük populyarlıq qazanıb. Nəticələrini anlamayan insanlar pulsevən həkimlərin təklifi ilə bu son uydurmanı qəbul etməyə başladılar".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edir ki, gözün rəngi dəyişdirilirsə, mütləq şəkildə aidiyyəti qurumlara bu barədə məlumat verilməlidir: “Göz rənginin dəyişdirilməsi əməliyyatının nə dərəcədə estetik əməliyyatlar kateqoriyasına aid olduğunu demək çətindir. Amma bu əməliyyat gözə konkret olaraq yad  cismin qoyulması yolu ilə aparılır.

Və daha bir məsələ, əməliyyatın uzaq nəticələri ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Əgər doğrudan da tibbin icazəsi varsa,  beynəlxalq  reyestrə düşübsə, insan bu əməliyyatı öz xoşu ilə icra edə bilər.

Lakin nəzərə almaq lazımdır ki, bu məsələnin kriminal, tibbi-ekspertiza tərəfi də var. Yəni göz rəngini dəyişdirən şəxs mütləq şəkildə şəxsiyyət vəsiqəsini və digər müvafiq sənədləri dəyişdirməli, DİN sisteminə, lazımi orqanlara məlumat verilməlidir. Doğrudur, insanlar hazırda bunu gözəllik naminə edirlər, amma nəzərə alaq ki, gələcəkdə bundan cinayətkarlar, başqa terroristlər istifadə edə bilər. 

Təbabət getdikcə yenilənir. Amma bu yeniliklər insanlıq üçün təhlükə yaradacağı təqdirdə, mütləq şəkildə nəzarətə götürülməlidir".

Bəllidir ki, biometrik şəxsiyyət vəsiqələrində insanın siması (üzü) ilə yanaşı, gözünün rəngi də qeyd edilir. Bəs qanun insanın öz simasını və ya göz rəngini dəyişməsinə icazə verirmi, yoxsa bu şəxslər təzədən pasport almalıdırlar?

DİN-in mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.

// 

“Yeni Müsavat”