Bu ərəb ölkəsindən Azərbaycana BAĞIŞLANMAZ PİSLİK
    • 1-10-2024, 10:05
    • 467

Bu ərəb ölkəsindən Azərbaycana BAĞIŞLANMAZ PİSLİK

İordaniya Oskar üçün erməni rejissorun təxribatla dolu filmini seçib; rəsmi Bakı hansı addımları atacaq?; politoloq səfirliyimizi də fəaliyyətsizlikdə suçladı

Mənfur ermənilərin dünya boyu Azərbaycana qarşı həm də mədəniyyət müstəvisində antitəbliğat savaşı apardığı təzə məsələ deyil. Əfsus ki, bəzən tarixi düşmənlərimizin küyünə bizimlə heç də düşmən münasibətdə olmayan müsəlman ölkələri də qoşulur. İordaniya kimi.

Xəbər verdiyimiz kimi, İordaniya 97-ci Oskar Akademiya Mükafatlandırmasına Ən Yaxşı Beynəlxalq Film kateqoriyasında təqdim edilmək üçün erməni rejissor Sareen Hairabedianın Qarabağdan olan erməni uşaqla bağlı təxribatla dolu “Mənim şirin ölkəm” sənədli filmini seçib. Məlumatı "Deadline" yayıb.

Sənədli film 11 yaşlı Vrejdən (“Vrej” ermənicədən tərcümədə “qisas” anlamındadır. Yəni uşağın adı Qisasdır) bəhs edir. Filmdə hadisələr təbii ki, təhrif olunur, Azərbaycanın “müstəqil artsax dövlətinə hücum etdiyi”, “erməniləri silah gücünə oradan çıxardığı” iddia edilir.

Film Nyu-Yorkda yaşayan erməni əsilli rejissor Hairabedianın debüt filmidir. “Mənim şirin ölkəm” filminin premyerası bu ilin əvvəlində Sheffield DocFestdə keçirilib, daha sonra iyul ayında Amman Beynəlxalq Film Festivalı da daxil olmaqla, bir neçə festivalda nümayiş edilib. Burada ən yaxşı sənədli film Münsiflər Heyəti Mükafatını və ən yaxşı bədii ərəb sənədli filmi üçün FIPRESCI mükafatını alıb.

Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında münasibətlər hazırda yüksək səviyyədədir. İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Azərbaycanla İordaniya arasında diplomatik münasibətlər isə 13 fevral 1993-cü il tarixində qurulub. 28 may 2006-cı il tarixində Azərbaycan Respublikasının İordaniyada, 2007-ci ilin may ayının 5-də isə İordaniyanın Azərbaycanda səfirliyi açılıb. 2006-2010-cu illərdə isə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğu dövr hesab olunur. Bu 4 il ərzində İordaniya kralı II Abdullah Azərbaycana üç dəfə səfər edib.

Qarşılıqlı münasibətlər sonrakı illərdə də davam edib və hər iki ölkənin rəsmiləri arasında çoxsaylı görüşlər baş tutub. Hətta 2015-ci ilin 12 iyunda İordaniya şahzadəsi Feysal bin Hüseyn Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Bundan əlavə, Azərbaycan və İordaniya arasında bir çox müqavilələr də imzalanıb.

Bununla belə, İordaniya və Ermənistan arasında da strateji əlaqələr mövcuddur. Kral II Abdullanın 2020-ci ilin fevralında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə sürətləndirdi.

Həmin ilin iyulunda, Tovuz döyüşlərindən bir neçə gün sonra isə İordaniyanın Ermənistana silah satışı ilə bağlı məlumatlar yayıldı: “Hazırda İordaniya və Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq İrəvana silah və sursatların, xüsusilə İordaniyada istehsal olunan RPQ-32 əl qumbaraatanlarının tədarükü də daxil olmaqla geniş spektri əhatə edir. 2013-cü ildən İordaniya Rusiyadan sonra bu tip qumbaraatan istehsal edən ikinci ölkədir və Ammanda bu silahın rəsmi adı - "Nashshab"dır. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana təqdim edir".

Bu məlumatların üzə çıxmasından cəmi 3 gün sonra, iyulun 27-də İordaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Həmin görüşdə İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb. İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. Cəmi iki gün sonra İordaniya XİN bəyanat yayaraq, Ermənistana silah göndərmələri ilə bağlı məlumatı rəsmən təkzib etdilər. 2020-ci ildəki bu diplomatik soyuqluqdan sonra ölkələrimiz arasında münasibətlər yenidən normallaşıb. Hətta bu ilin aprelində iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş də imzalanıb.

Bəs müsəlman həmrəyliyi bir yana, iordaniyalılar doğrudanmı elementar həqiqətlərdən, o sırada Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasından xəbərsizdirlər? Bundan sonrakı anti-Azərbaycan təxribatının qarşısını almaq mümkündürmü? Niyə məhz müsəlman ölkə Azərbaycan əleyhinə bu şər-böhtan kampaniyasında öncüllük edir? Bizim İordaniyaya hansı pisliyimiz keçib?

Mövzu ilə bağlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, əslində Azərbaycanın İordaniya ilə tərəfdaşlıq münasibətləri mövcuddur, rəsmilərin qarşılıqlı səfərləri reallaşıb: “İordaniya İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədlərə səs verib. Əlbəttə, son hadisədə İordaniyadakı qurumların Azərbaycan əleyhinə çəkilən filmin beynəlxalq film müsabiqələrinə çıxarması anlaşılan deyil. Bu, qaşınmayan yerdən qan çıxarmağa bənzəyir. Erməni lobbisinin məqsədi aydındır, müxtəlif formatlarda Azərbaycan əleyhinə kampaniyalar təşkil edir, filmlər çəkir. Ancaq son hadisədə özümüzü də tənqid etməliyik. Azərbaycan torpaqları 30 il işğal altında qaldı, şəhər, qəsəbə və kəndlərimiz dağıdıldı, insanlarımız kütləvi qətlə yetirildi. Bu müddətdə beynəlxalq müsabiqələrə dəyərli bədii və ya sənədli film çıxara bildikmi? Xocalı faciəsini əks etdirən beynəlxalq səviyyəli filmimiz varmı? İndinin özündə torpaqlarımızı azad etdiyimizə dair səviyyəli film çəkə bilmişikmi? Azərbaycan Mədəniyyət Nazirliyi bu haqda ciddi düşünməlidir, biz niyə hər dəfə erməni lobbisinin planlarına qarşı mübarizə aparmalıyıq?

Digər tərəfdən, Azərbaycanın İordaniyadakı səfirliyi erməni lobbisinin hazırladığı filmdən əvvəlcədən xəbər tutmalı, bunun qarşısını almaq üçün fəaliyyət göstərdiyi ölkənin rəsmilərini xəbərdar etməli idi. Erməni lobbisi həm də bizim passivliyimizdən istifadə edir".