Qadın ərinə şərt qoydu:
    • 1-10-2024, 22:33
    • 221

Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..."

Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Daşqın arvadı Könülün dəfələrlə açıq-aşkar başqa kişilərlə yaxın münasibətdə olaraq xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

O, yaşadığı evdə arvadını azyaşlı övladlarının gözləri qarşısında döyərək yerə yıxıb. Daha sonra ardıcıl şəkildə Könülün başını beton döşəməyə vurduqdan sonra mətbəxdə olan taxta masanı onun üzərinə atıb. Hadisə yerinə gəlmiş qayınanasının gözləri qarşısında Könülə daha bir neçə təpiklə zərbələr vurub.

Qadın xəstəxanaya yerləşidirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Arvadımı güdməyə başladım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə təqsirli bilib. Bildirib ki, sinif yoldaşı və həmkəndlisi Ramal ona yaxınlaşaraq arvadı Könülün özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını deyib: “Dostum mənə ayıq olmağı məsləhət gördü. Bundan sonra arvadımı güdməyə başladım. Həmin vaxt arvadım kənddə bağda fərdi meyvə yığımı ilə məşğul olurdu. Səhər işə gedib, axşam evə qayıdıb.

Bir neçə gün sonra evdə olan zaman Könülün bir kişi ilə telefonda danışdığını tutdum. Ondan kiminlə danışdığını soruşdum. Açıq şəkildə kişi ilə danışdığını bildirdi və “ya ikiniz, ya da heç biriniz” deyərək onun başqaları ilə münasibət saxlamağıma göz yummağımı istədi. Bu hərəkətlərindən qəzəblənərək evdə onu döydüm”.

“Düz yola qayıdacağını fikirləşdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Könül ondan polisə şikayət edib, Xaçmaz Rayon Məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilib: “Həbsdən çıxıb evə qayıtdım. Könül yenidən öz çirkin əməllərindən əl çəkmədi. Hətta bir gün gecə yuxudan oyandıqda onun evdə olmadığını gördüm. Səhərə kimi gözlədim.

Səhər saat 6-da arvadım evə gələndə harada olduğunu soruşdum, əcəb elədiyini dedi. Uşaqlarımı düşündüyüm üçün Könüldən boşanmadım. Nə vaxtsa peşman olaraq düz yola qayıdacağını fikirləşdim. Bu barədə dəfələrlə Könülün atası Səmədə dedim. Lakin heç bir nəticəsi olmadı. Çünki qaynatam və qayınlarım Könülün tərəfini saxlayaraq ona heç bir söz demədilər”.

“İntim münasibətdə olduğunu dedi”

Daşqının sözlərinə görə, arvadı Könülün gecələr evdən getməsi adət halını alıb, artıq nə edəcəyini bilməyib: “Kənd camaatından xəbər aldım ki, arvadım Xudat şəhərində “qaraçılar məhləsi” deyilən yerdə yaşayan Adil adlı bir kişi ilə görüşür. Mən Adili taparaq onunla Könülün ilə aralarında olan münasibət barədə soruşdum.

Adil mənə açıq-aydın Könüllə intim münasibətdə olduğunu dedi. Barəsində polisə şikayət etdikdən sonra daha Könüllə görüşmədi. Bir müddət arvadım özünü normal apardı, onu kiminləsə danışan görmədim. Daha düz yola qayıtdığını düşündüm”.

“Məni lağa qoyurdular”

Daşqın qeyd edib ki, növbətu günlərdə yaşadığı evin qarşısında olan zaman boz rəngli “Mercedes” markalı nömrəsini xatırlamadığı avtomobilin evinin qarşısında saxladığını görüb:

“Arxa qapıdan Könül düşüb evə girdi. Küsülü olduğumuz üçün ona bir söz demədim. Könül demək olar ki, hər axşam həmin avtomobillə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə məni lağa qoyurdular. Küçədə arxadan mənə söz atırdılar. Artıq nə edəcəyimi bilmirdim.

Bütün bunlardan bezərək Könülü öldürmək qərarına gəldim. Buna görə də evdə onun işdən gəlməsini gözlədim. Söz-söhbətə bir dəfəlik son qoymağı qərara aldım”.

“Arvadımın öldüyünü bildirdilər”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə tək 250 qram araq içib: “Axşam Könül işdən evə gəldi. Həmin vaxt iş yerində işçilərə ayrılmış “Qazel” markalı avtomobillə gəlmişdi. O, evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə şillə ilə vuraraq yerə yıxdım. Sonra sağ ayağımla təpikləməyə başladım. Sağ ayağımın altı ilə yuxarıdan-aşağı istiqamətdə onun baş və qarın nahilərinə təxminən 7-8 güclü zərbələr vurdum.

Səs-küyə evdə olan uşaqlarım Elçin və Günay gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən isə sağ əlimlə Elçinin boğaz nahiyəsindən tutaraq kənara itələdim. Bundan sonra uşaqlar qorxaraq çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdə olan masanı çevirərək birdəfəlik ölməsi üçün Könülün üstünə atdım. Arvadımın hərəkətsiz qalaraq tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım.

Səs-küyə qonşularımız Valeh və Səmayə gəldi. Bir qədər sonra isə Könülün valideynləri də bizə gəldilər. Könülün anası ilə mübahisələrimiz yarandı. Çünki xəyanətlə bağlı onun valideynlərinə dəfələrlə bildirmişəm. Lakin heç bir xeyri olmamışdı. Qayınanama “bilmirdiniz ki, axırı belə olacaq” dedim. Könülə anasının yanında yenidən təpiklə onun qabırğalarından vurdum.

Polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Şöbədə izahatımı alıb evə buraxdılar. Evdə heç kəs yox idi. Qonşulardan öyrəndim ki, Könülün valideynləri uşaqları da götürərək gediblər.

Növbəti günlərdə evdə olan zaman polis əməkdaşları gəlib məni Xudat Polis Bölməsinə apardılar. Orada Könülün xəstəxanada öldüyünü bildirdilər”.

“İçkiyə qurşandı”

Cinayət işi üzrə zərərçəkmiş Könülün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum qızı 2005-ci ildə Daşqınla ailə qurub: "Həmin nikahdan onların iki övladı var.

Daşqın son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başladı. Hətta bir neçə dəfə qızımı döymüşdü. Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparıldı, məhkəmənin qərarı ilə ona 20 gün inzibati həbs verildi. Lakin yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salırdı. Mən özüm də bununla bağlı Daşqınla söhbət etmişəm. Bir böyük kimi ona öz məsləhətlərimi vermişəm. Lakin Daşqın yenə öz əməllərindən əl çəkmədi.

Hadisə günü saat 19 radələrində evdə olan zaman nəvəm mənə zəng vurdu, “atam anamı döyüb öldürür” deyə bizi köməyə çağırdı. Arvadımla dərhal qızımgilə getdim. Oraya çatdıqda qızımın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını gördük. Otaq dağınıq vəziyyətdə idi, yerdə sınmış stəkan və qab-qacaq vardı.

Daşqın sərxoş vəziyyərdə yaşadığı evin həyətində idi. Ondan nə baş verdiyini soruşdum, “ay peysər, qızına sahib dur” dedi.

Mən dərhal 102 xidmətinə məlumat verdim və təcili tibbi yardım xidməti çağırdım. Onlar gələnə kimi arvadım vaxt itirməmək üçün Könülün üzərindən paltarlarını çıxardı. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəldi.

Könülü xəstəxanaya apardıq, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olundu. Bir neçə gün orada koma vəziyyətində qaldı və vəfat etdi”.

“Bir daha görüşmədim”

İş üzrə Könülün intim münasibətdə olduğu Adil də ifadə verib. O, ifadəsində göstərib ki, əri tərəfindən döyülərək öldürülən Könülü tanıyıb: “Onunla əvvəllər münasibətlərimiz olub. Lakin Könülün evli olduğunu bilməmişəm, mənə ərindən boşandığını deyib. Cəmi 1-2 dəfə görüşmüşük.

Sonradan Daşqın adlı şəxs Xudat şəhəri ərazisində mənə yaxınlaşaraq Könüllə nə münasibətimin olduğunu soruşdu. Ona aramızda yaxın münasibət olduğunu bildirdim.

Daşqın Könülün əri olduğunu deyəndə əvvəlcə inanmadım. Çünki həmin vaxta qədər Könülün evli olduğunu bilməmişəm. Daşqına bunu izah etməyə çalışsam da, sərxoş olduğundan aqressiv danışdı. Məndən polisə şikayət edəcəyini deyərək getdi.

Təxminən 2-3 gün sonra məni Xudat Polis Bölməsinə dəvət etdikdə məlum oldu ki, Daşqın barəmdə polisə şikayət edib. Polis bölməsində izahat verdikdən sonra evimə getdim. Könülün evli olduğunu bildikdən sonra onunla bir daha görüşmədim”.

Məhkəmənin hökmü ilə Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini, ona daha aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini haqlı hesab etməyib. Bu səbəbdən onun barəsində verilən hökm qüvvəsində saxlanılıb.