Hakimin gözü qarşısında keçmiş arvadını öldürdü – Görünməmiş qətldən yeni xəbər
    • 19-10-2018, 10:55
    • 1 323

Hakimin gözü qarşısında keçmiş arvadını öldürdü – Görünməmiş qətldən yeni xəbər

Mingəçevir şəhərində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Xalid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, qətl hadisəsi bu il iyulun 29-da Mingəçevir şəhərində baş verib.

Şəhər sakini Təranə Nəbiyeva 4 il əvvəl həyat yoldaşı Xalid Əliyevdən boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib.

Məhkəmə prosesi zamanı onların arasında mübahisə yaranıb, Xalid Əliyev məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı Təranə Nəbiyevaya hücum edərək bıçaqla onun baş, boğaz və ürək nahiyyələrinə xəsarətlər yetirib.

Yaralı ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən Xalid Əliyev saxlanılıb.
İstintaq orqanı tərəfindən Xalid Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışı oktyabrın 24-nə təyin edilib.

Teleqraf.com