“Türməni pis vəziyyətə salıblar...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
    • 1-10-2024, 17:23
    • 3 083

“Türməni pis vəziyyətə salıblar...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ

“Türməni pis günə qoyublar. Qapısı açıq qalıb deyə Şuşaya gələn turistlər içərini dağıdıb. Çox pis vəziyyətə salıblar. Qoruğa tapşırdım ki, qapıları bağlı saxlasınlar”.

News24.az bildirir ki, bunu musavat.com-a açıqlamasında 1988 - 1992-ci illərdə Şuşa türməsinin rəisi vəzifəsində çalışmış polkovnik-leytenant Aydın Abbasov deyib.

O bildirib ki, türmənin anbarında olan rəflər sökülüb:

“Kameralardakı çarpayılar dağıdılıb. Sözlə deyiləsi deyil. İtalyanlar həbsxananın muzeyə çevrilməsi ilə məşğuldurlar. İşlər davam edir. Eskizlər hazırlayırlar, layihələr işləyirlər. Orada əlavə tikintilər var, onu sökürlər. Türmənin əsas binası qalacaq”.

Qeyd edək ki, Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.

Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb.

Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.

Şuşa həbsxanası Rusiya imperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Rusiya imperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.

1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.

Torpaqların işğalından sonra Azərbaycanın yaşayış məntəqələrindən girov düşən və yaxud da əsir düşən hərbçilərimiz, mülki vətəndaşlarımız bu məşhur Şuşa türməsində min bir əziyyətə düçar oldular. Erməni cəlladları onların bəzilərinə burada işgəncə verərək öldürdü. Bəziləri isə, necə deyərlər, qəlbində ağır yaralarla bu gün də unuda bilməyəcəkləri dəhşətlərlə, unuda bilməyəcəkləri xatirələrlə geri, Azərbaycana qaytarıldılar.

İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.

SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparılmışdılar. Onlarla bərabər digər məhbuslar da Şuşadan Ermənistana köçürülmüşdülər.

Onlar Şuşa türməsində erməni zülmünə məruz qalan sonuncu azərbaycanlı oldular. Daha sonra isə Ali Baş Komandanın təkidi ilə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilərək, Ermənistandan Azərbaycana qaytarıldılar.