Alkoqol xərçəngə səbəb olur - ARAŞDIRMA
    • 3-10-2024, 19:47
    • 360

Alkoqol xərçəngə səbəb olur - ARAŞDIRMA

Spirt istehlakının sağlamlığa təsiri ilə bağlı elmi araşdırmalar irəlilədikcə, xüsusilə də xərçəngə təsiri daha aydın olur. 

News24.az xəbər verir ki, Amerika Xərçəng Araşdırmaları Assosiasiyası tərəfindən dərc edilən yeni hesabatda spirtli içkilərin xərçəngə səbəb ola biləcək mühüm faktor olduğu ortaya çıxıb.

Hesabatda qeyd edilib ki, bütün xərçəng hadisələrinin 40 faizi “dəyişdirilə bilən risk faktorları” ilə bağlıdır.

Bu amillərin başında alkoqol istehlakıdır. Hesabata görə, spirt istehlakı altı əsas xərçəng növü ilə əlaqələndirilir: baş və boyun, yemək borusu, qaraciyər, süd vəzisi, yoğun bağırsaq və mədə xərçəngi.

2019-cu ildə Qərb ölkələrində hər 20 xərçəng diaqnozundan birinin spirtli içki qəbulu ilə əlaqələndirildiyi halda, bu nisbətin zamanla artdığı bildirilib. Bu vəziyyət, alkoqolun "zərərsiz sosial vərdiş" kimi geniş yayılmış qavrayışını sual altına qoyur.

Hətta yüngül və orta dərəcədə spirtli içki qəbulu döş xərçəngi riskini artıra bilər.

Alkoqolun bədənə təsiri DNT zədələnməsinə qədər uzanır. Alkoqol orqanizmdə parçalanır və asetaldehid adlı maddəyə çevrilir. Bu maddə hüceyrələrimizin DNT-sini zədələyə və mutasiyalara səbəb ola bilər ki, bu da xərçəng riskini artırır.

Xüsusilə tütün istifadəsi ilə birlikdə spirt istehlakı xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

Hesabatda ictimaiyyətin alkoqolun sağlamlıq riskləri barədə kifayət qədər məlumatlı olmadığı da ortaya çıxır. ABŞ-da aparılan araşdırmaya görə, əhalinin yarısı spirtin xərçəng riskini artırdığını bilmir.

Nəticə etibarilə, sağlam həyat sürmək üçün spirt istehlakı ilə bağlı şüurlu qərarlar vermənin və bu risklərdən xəbərdar olmağın böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Məryəm İlhamqızı