Mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var
    • 19-06-2019, 18:06
    • 995

Mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var

"Mədəni sərvətlərin mühafizə siyahısına əsasən qədim əlyazmalar, nadir çap əsərləri, arxivlər, incəsənət abidələri və s. daxildir"

News24.az
xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova deyib.

A.Hüseynova bildiirb ki, qeyd olunan sərvətlərin dövlət siyahısına daxil edilməsi Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahənin əhəmiyyəti nəzərə alınaraq 2018-ci ildə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi yaradılıb və şöbənin daxilində Mədəni sərvətlərə nəzarət və reyestrlər sektoru təşkil edilib. Məsələ ilə əlaqədar şöbə tərəfindən bu sahənin qanunvericilik, idarəçilik, maliyyələşmə, elmi-metodik , maddi-texniki və beynəlxalq təminat mexanizminin təkmilləşməsi istiqamətində təkliflər hazırlanıb və sahənin inkişafı üçün bir sıra layihələr həyata keçirilib. Azərbaycanın milli mədəniyyət nümunələrinə nəzarətin gücləndirilməsi, onların qeydiyyata alınması və sistemləşdirilməsi məqsədilə reyestrlər, portallar və saytlar yaradılıb. Belə portallardan biri ötən il istifadəyə verilmiş Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinin portalıdır. Portalda qeyri-maddi mədəni irs nümunələri haqqında zəngin məlumat bazası yaradılıb. Hazırda AMEA müvafiq institutları və nazirliyin aidiyyəti qurumlarının dəstəyi ilə portalın məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə, bu il rayon və şəhər Heydər Əliyev mərkəzlərinin informasiya portalı da istifadəyə verilib.

Azadə Hüseynova Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək. Bundan əlavə, mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində də işlər yekunlaşmaq üzrədir. Bu sayt vasitəsilə proses daha da operativ və sadə şəkildə aparılacaq.

Daha sonra şöbə müdiri daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında məlumatı diqqətə çatdırdı. Bildirib ki, mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artıra bilərik.