-
- 4-10-2024, 13:16
- 271
ADY bank kartı ilə edilən ödənişlərlə bağlı - Açıqlama verdi
Biləcəri stansiyasında Sumqayıt-Xırdalan-Biləcəri elektrik qatarlarına minik üçün keçid turniketlərdə nasazlıqların baş verməsi ilə bağlı sərnişinlər tərəfindən News24.az saytına edilən müraciətdə bildirilir ki, səhər satlarında turniketlər bank kartı ilə edilən ödənişləri bəzən qəbul etmir, bəzən də gec qəbul edir. Bu da turniketlərin qarşısında sıxlığa səbəb olur. Hətta qatarların gecikməsinə zəmin yaradan səbəb kimi də göstərilir. Bundan başqa sərnişınlər bir neçə dəfə qatara da gecikdiklərini söyləyiblər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanladıq
Qurumun mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə mövcud stansiya və vağzallarda müasir turniket sistemi ilə yanaşı NFC sistemini dəstəkləyən müasir validatorlar quraşdırılıb:
"NFC sistemi ilə keçid üçün bank kartını 3-7 saniyə validatorda saxlamaq yetərlidir.
Bank kartı ilə turniketdən keçid zamanı yaranan problemlər əsasən aşağıdakı səbəblərə görə baş verə bilər:
1. Abşeron dairəvi marşrutu üzrə gediş haqqı məsafəyə görə təyin olunduğu üçün həm girişdə, həm də çıxışda eyni kartdan istifadə edilməsi vacibdir. Turniketlərdə giriş və çıxışda fərqli kartlardan istifadə olunarsa, o zaman keçiddə problem yaranır.
2. Kart müəyyən səbəblərdən “qara siyahı”ya düşə bilər. Sərnişin bunun aydınlaşdırılması üçün məlumatlarını ADY-nin 1822 Əlaqə Mərkəzinə yönləndirə bilər. Əlaqə Mərkəzi bank və tərəfdaş şirkətlə səbəbi aydınlaşdıraraq problemin aradan qaldırılmasına operativ dəstək göstərir.
3. Bank kartları zədələndikdə validatorların kartı oxumasında çətinlik yaranır.
4. Bank kartında vəsait olmadıqda.
Sərnişinlər stansiya və vağzallarda hər hansı bir çətinliklə rastlaşdıqda Azərbaycan Dəmir Yollarının 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzinə müraciət etmələrini tövsiyə edirik",- deyə o, bildirib.
Ağa