Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar?
    • 4-10-2024, 22:33
    • 418

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar?

Son 3 gündə 3 məktəbli cinayət hadisəsi törədib. Daha əvvəl Xaçmaz və Şəmkir rayonlarında da yeniyetmələr arasında bıçaqlanma hadisələri qeydə alınıb. Rəsmi statistikaya görə, son illər yeniyetmələrlə bağlı cinayət hadisələrində artım müşahidə olunur. Belə ki, 2023-cü ildə 494, 2022-ci ildə 433 yeniyetmə cinayət törədib. Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.2022-ci ildə məhkum olunmuş yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

Bəs yeniyetmələr arasında cinayətlərin artmasının əsas səbəbləri nədir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Universitetinin "Sosial işin təşkili" kafedrasının dosenti Aynur Bünyatova bildirib ki, yeniyetmələr arasında cinayətkarlığın artması son illərdə ciddi narahatlıq doğuran problemə çevrilib. Sosioloq qeyd edib ki, bu artımın əsas səbəbləri arasında bir neçə psixoloji və sosial faktorları göstərmək olar:

“Yeniyetmələrin emosiya və impulslarını idarə etmə bacarığının yetərsizliyi, ailədaxili problemlər, sosial təcrid və valideyn nəzarətinin zəifliyi mühüm rol oynayır. Eyni zamanda, cinayətkar davranışların sosial mühitdə modelləşdirilməsi və sosial-iqtisadi problemlər yeniyetmələr arasında cinayətlərin artmasına şərait yaradır. Məktəblərdə psixoloji dəstəyin yetərsizliyi, sosial xidmətlərin yeniyetmələrə əlçatan olmaması da bu problemin daha da dərinləşməsinə səbəb olur”.

A.Bünyatovanın sözlərinə görə, cinayətkarlığın qarşısını almaq üçün ilk növbədə yeniyetmələrin sosial-emosional bacarıqlarını gücləndirmək, məktəblərdə psixoloji dəstək və reabilitasiya proqramları tətbiq etmək zəruridir. O vurğulayıb ki, valideynlər üçün təlim proqramları və cəmiyyət daxilində sosial-iqtisadi problemlərin həlli də mühüm addımlar kimi qeyd oluna bilər.