Azərbaycanda 49 qadın evdəki söz-söhbətə görə öldürüldü
    • 15-02-2024, 15:05
    • 238

Azərbaycanda 49 qadın evdəki söz-söhbətə görə öldürüldü

Azərbaycanda 2023-cü il ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 2,3 faiz artıb, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı isə 3,4 faiz azalıb. 

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. 

Dövlət Komitəsi bu məlumatı Daxili İşlər Nazirliyinə istinadən açıqlayıb. 

2023-cü ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 24287 nəfərin 1513-ü və ya 6,2 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 2,6 faiz artıb ki, onların da 80,9 faizini qadınlar, 0,7 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. 

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub. 

2023-cü ildə zorçlama və zorlamaya cəhdlə bağlı 19 cinayət (2022-də 16 fakt) hadisəsi qeydə alınıb. 

Ötən il 25006 nəfər cinayət törətmiş şəxs müəyyən edilib,  19307 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. 

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,2 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2 faiz təşkil edib.

Ötən il (2022-ci illə müqayisədə) cinayət törətmiş qadınların sayı 5,9 faiz, 14-17 yaşda olan uşaqların sayı isə 14,1 faiz artıb. 

2023-cü ildə evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma halları) 15 faiz azalıb.