-
- 8-10-2024, 00:17
- 556
Bu sular çox təhlükəlidir - Əhalinin NƏZƏRİNƏ
Qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Yoxlama zamanı götürülən nümunələrin müayinəsi nəticəsində “Loğman” əmtəə nişanlı qablaşdırılmış təbii su və filtrdən keçmə su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.
“Loğman” su şirkətindən Teleqraf.com-a bildirilib ki, hazırda açıqlama verəcək məsul şəxslər ofisdə deyillər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, satılan sularda problemlər çoxdur:
“Su təbiətin, Allahın möcüzəsidir. Su üç aqreqat halına düşə bilir: maye, kristal və qaz. Bütün maddələrdən fərqli olaraq, istidə də, soyuqda da genişlənir. Yeganə maddədir ki, sabit qalır. Çox ecazkar maddədir. Rəngi, qoxusu olmayan suyun bu ilahiliyindən su istehsalçıları sui-istifadə edirlər. İstehlakçılara guya təmizlənmiş su verirlər. Heç kəs bilə bilməz ki, hansı orqanizmə hansı su uyğundur.
Suyun da müəyyən standartları var. Lakin ən təmizlənmiş su ən sağlam adama da mənfi təsir edə bilər. Eyni su bir ailənin 3 üzvü üçün uyğun, ikisi üçün uyğun olmaya bilər.
Suyun insana təsiri kifayət qədər öyrənilməyib. Heç kim ayırd edə bilməz ki, aldıqları suyun nə qədəri təmizlənib, nə qədəri təmizlənməyib. Mən illər öncə suyun primitiv ekspertizasını apardım. Bir həftə ərzində üç yerdən məhkəməyə verildim. Su çox sadə bir biznes olsa da, mahiyyəti mürəkkəbdir. Biz görürük ki, bazarda litri 9 manata olan su da var, litri 40 qəpiyə olan su da.
İstehlakçılar deyir ki, fərqi nədir, hamısı H2O-dur. Ona görə insanlara çağırış edirəm ki, müxtəlif suları içsinlər, daimi eyni suları içməsinlər”.
Qida mütəxəssisi Ağa Salamov normalara uyğun olmayan suların hansı təhlükələrə səbəb olacağından söz açıb:
“Əgər biz sağlam içməli sudan danışırıqsa, plastik qablardan uzaq durmalıyıq. Mikrobioloji çirklənmə suda müəyyən xəstəliklərin xəbərçisidir. Bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Plastik qablardakı kimyəvi maddələr suya keçir. Bunun mədə-bağırsaq sisteminə nə qədər zərərli olduğu ilə bağlı həkimlər çıxışlarını ediblər. Ucuz satıldığı üçün plastik qablarda olurlar. 45-50 qəpiyə, hətta 25 qəpiyə satılan sulara rast gəlinir. Çünki maliyyə tərəfi aşağıdır. İnsanların büdcəsinə uyğundur".
Ağa Salamova görə sağlam suyun qablaşdırması şüşə qabda olmalıdır: "Şüşə qablarda olan sular heç bir kimyəvi maddələrlə üz-üzə qalmırlar. Sadəcə olaraq saxlanma şəraiti düzgün olmalıdır. Günəş şüalarında uzaq olmalıdır. Müsbət haldır ki, mikrobiloji maddə aşkarlandığı üçün satışı dayandırılır. Amma plastik qablarda satılan suların hamısı tədricən mədə-bağırsaq sistemində problemlər yaradır. Hərə bir filter alıb qoyur, istədiyi şəraitdə suları doldurub satırlar. Mən bəzi ərazilərdə görürəm ki, küçədə günəş şüaları altında müəyyən etiketlərlə satılan sular var. Bu suların saxlanma şəraiti də, qablaşdırılması da düzgün deyil. Onlarla bağlı da ciddi tədbir görülməlidir. Yanlız minerallaşdırılmış və mənbəsi məlum olan sular insanlar üçün faydalıdır”.