«Səkkiz gün zindanda qaldım, günlərlə döyüldüm, ölüb-dirildim»- XOCALIDAN DÜRDANƏ AĞAYEVA
    • 20-06-2019, 16:59
    • 1 704

«Səkkiz gün zindanda qaldım, günlərlə döyüldüm, ölüb-dirildim»- XOCALIDAN DÜRDANƏ AĞAYEVA

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı sakini Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimat mərasimi keçirilib. 

News24.az-ın məlumatına görə, millət vəkilləri, Xocalı sakinləri, media nümayəndələrnin iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu kitab yalnız bir Azərbaycan qadının deyil, bütün əsirlikdə olan insanların harayını özündə əks etdirir: “Bizi ən çox ağrıdan məsələ Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cəzalandırılmamasıdır. Erməni vandalizmini ifşa etməkdən ötrü kitablar yazılmalı, kinolar çəkilməlidir. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik. O, çəkdiyi iztirabın müəyyən hissəsini bizimlə paylaşıb. Bu kitab rus və türk dillərində çap olunub. Amma Xocalı soyqırımını görməyən gənclər üçün bu kitabın Azərbaycan dilində çap olunması olduqca vacibdir. Hələlik 3 min tirajla çıxarmışıq, geniş kütlənin müzakirəsinə buraxırıq. Kitabda peşəkarlar tərəfindən yenidən baxılacaq və əsas tirajı da həyata keçiriləcək”.

Tədbirdə millət vəkilləri və 8 gün əsirlikdə olan Dürdanə Ağayeva çıxış edib. Müəllif bildirib ki, kitabı yazmasına səbəb Xocalıların başına gətirilən soyqırımın dünya içtimaiyyətinə çatdırılmasıdır: «Kitab 2015-ci ildə Türkiyədə 10 min tirajla çap olunub, təqdimatları olub. 2016-cı ildə Heydər Əliyev Fondunun vitse prezidenti, "Xocalıya ədalət kampaniyası"nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə rus dilinə tərçümə olundu. 2017-ci ilıdə Moskvada təqdimatı oldu. Mən bu kitabı əlimə alanda özümü bir növ qəhrəman hesab edirəm edirəm ki, qardaşımı ermənilərin əlində qoyub gəlmədim. Səkkiz gün zindanda qaldım, günlərlə döyüldüm, ölüb-dirildim. İllərdi susurdum, bir gənc qız kimi danışmamışm. Ailə həyatı qurandan sonra rəhmətlik yoldaşım mənə dedi ki, ürəyin sakit olarsa, qatıl tədbirlərə. Həyat yoldaşımdan izn alaraq bu kitabı yazdım. Qız övladıma dilim gəlmir ki, başıma gələnləri danışam. Amma gələcəkdə o da görsün ki, anası necə əzablı yollardan keçib. Bu kitabı bir il hər gecə saat 2-dən 6-ya kimi oturub yazmışam. Yazdığım zaman Xocalıda və mənim 8 gün əsirlikdə başıma gələnlər lent-lent gözümün önündən keçib. Amma peşman deyiləm, qardaşımı o zindandan çıxardım. Mən fəxr edirəm ki, bu gün bu kitabı Azərbaycan gənclərinə çatdıra bilirəm».

Tədbirdə kitab üçün ssenari yazıldığını və gələcəkdə film çəkiləcəyi də bildirildi. 

Afaq Mirayiq