-
- 11-10-2024, 09:12
- 766
Vardanyan üçün HƏRƏKƏTƏ KEÇİLDİ - SENSASİON DETALLAR
ABŞ-ın nəhəng “Edelman PR” şirkəti və Bakıda da fəaliyyət göstərən “Unilever”in keçmiş direktoru Polman separatçının müdafiəsinə qoşulub
ABŞ-ın nəhəng “Edelman PR” şirkəti Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın “təmizə çıxarılması” və müdafiəsi məqsədilə beynəlxalq müstəvidə iş aparır. Bu barədə “Haber Global” xəbər yayıb. Məlumata görə, çirkli pulların yuyulması işini həyata keçirən Vardanyanın “təmizə çıxarılması” və həbsdən azad edilməsi işində “Edelman PR” şirkəti ilə yanaşı, “Unilever” şirkətinin keçmiş icraçı direktoru Paul Polman da iştirak edir.
“Yeni Müsavat” bildirir ki, Polman “Unilever” şirkətində 10 il - 2009-2019-cu illərdə çalışıb. Maraqlıdır ki, “Unilever” şirkəti Azərbaycanda da fəaliyyət göstərir və bu, Polman şirkətə rəhbərlik etdiyi dövrdə başlayıb. Polman 2019-cu ildə iqlim dəyişikliyi üzrə mübarizə aparan “Imagine Consultancy” şirkətini yaradıb. Şirkət 2022-ci ildə ətraf mühit üzə məsləhət şirkəti olan “Systemiq” tərəfindən satın alınıb. Polman özünü “xeyriyyəçi” kimi göstərməyə çalışsa da, əsas işi qeyri-leqal lobbiçilik fəaliyyətinin göstərilməsidir. Onun Vardanyanın müdafiəsinə qoşulması da biznes maraqlarından qaynaqlanır.
“Unilever” ingilis transmilli şirkətidir. Şirkət müxtəlif növ istehlak məhsulları istehsal edir. Məhsul çeşidlərinə ərzaq, içki, təmizlik məmulatları və şəxsi gigiyena məhsulları daxildir. “Unilever” 2011-ci ilin gəlir səviyyəsinə əsasən ən böyük üçüncü istehlak məhsulları şirkəti (Procter and Gamble və Nestledən sonra) və dünyanın ən böyük dondurma istehsalçısıdır. Baş qərargahı Londonda yerləşir. 2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Cinayət Məcəlləsinin “Terrorçuluğu maliyyələşdirmə”, “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə” və “Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə” maddələri üzrə ittiham olunsa da və onun həbsinin üzərindən bir il keçsə də, Amerika Birləşmiş Ştatlarında və digər Qərb ölkələrində ona işləyən PR maşınları ermənidən daha çox erməni prinsipi ilə onun reklamını aparmağa davam edirlər.
Uzun müddət Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat da yayıb. Əslində Vardanyanın piarına onun həbs olunduğu gündən start verilib. Daha doğrusu, Qərb ondan bu istiqamətdə çirkin planını həyata keçirmək üçün alət kimi istifadə edir. Xüsusən də USAİD-ə rəhbərlik edən Samanta Pauerin Vardanyanla çox isti münasibətlərinin olması bu reklamda əlahiddə rol oynayır. Əbəs deyil ki, 2018-ci ildə Pauer Vardanyanın təsis etdiyi “Avrora” mükafatına layiq görülüb və ona faktiki olaraq bir milyon dollar pul verilib. Bir sözlə, Qərb separatçıların rəhbərlərini hər vəchlə dəstəkləməyə və onların üzərindən məkrli planlarını həyata keçirməyə çalışır və görünən odur ki, bu fəaliyyəti daha da intensivləşdiriblər.
“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Vardanyanın azad olunması üçün əsas görmür. Ç.Qənizadə istintaq materiallarında onun separatçı fəaliyyəti ilə bağlı bütün dəlil-sübutlar toplanıb. Hüquq müdafiəçisinin fikrincə, hüquqi cəhətdən Vardanyanın müdafiəsi mümkün deyil, amma işin siyasiləşdirilməsi göz qabağındadır: “Ruben barədə səslənən çağırışlar siyasi xarakter daşıyır. Vardanyanın məsələsini siyasiləşdirməklə gündəmdə saxlamağa çalışırlar. Hazırda istintaq yekunlaşıb və məhkəmədə verəcəyi ifadə ilə bütün dünya, onun hamiləri tanış olacaqlar. Ondan sonra nə deyəcəklərini gözləmək lazımdır. Maraqlıdır, Fransa, ABŞ öz separatçılarını müdafiə edirmi? Yəni bu prosesə ikitərəfli yanaşmaq lazımdır: hüquqi cəhətdən Vardanyanın müdafiə ediləcək tərəfi yoxdur, adam cinayətkardır, amma siyasi aspektdən Qərbdəki dairələr hay-küy qoparırlar”.
Ç.Qənizadənin sözlərinə görə, diqqət edirsinizsə, digər separatçı liderlərin adları çəkilmir: “Bu şirkətlər Arkadi Qukasyanın, Bako Saakyanın adını niyə xüsusi çəkmirlər? Sadəcə, ümumi qeyd edirlər. Amma Vardanyan istisna edilir. Çünki milyarder olması, Samanta Pauer kimilərlə birgə Donbasdakı separatçılara da dəstək vermələri faktı rol oynamaqdadır. Ona görə müdafiəsini təşkil edirlər. Azərbaycan heç bir təzyiqə boyun əyməyəcək və qanun nəyi tələb edirsə, ona uyğun hökm oxunacaq”.
Siyasi Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Xəzər Teyyublunun fikrincə, ABŞ ermənipərəstliyini hərtərəfli göstərir. Onun sözlərinə görə, Fransa və bu ölkə erməni separatizminə xüsusi dəstək verir: “Prezident çıxışılarında qeyd etmişdi ki, ABŞ Qarabağ separatçılarına rəsmi şəkildə maliyyə ayıran yeganə dövlət olub. Bu gün də Konqres bir yandan, müxtəlif təsisatlar o bir tərəfdən separatçılara qahmar çıxır. Beynəlxalq hüququn tamamilə ayaqlar altına alınmasını müşahidə edirik. ABŞ-ın milli təhlükəsizlik maraqlarına və qanunvericiliyinə tamamilə ziddir ki, separatçılıq etmiş şəxsi qorusunlar. Təəssüf ki, bu cür kommersiya subyektləri, USAİD kimi təşkilatlar da prosesə qoşulub. Bu da məqsədyönlü şəkildə hazırlanmış kampaniyanın icrasından xəbər verir”.
Hüquq müdafiəçisi Vardanyanın cəzasını alacağına əmindir: “Onun Azərbaycan rəhbərliyini təhdid etməsi, dinc erməniləri silahlanmağa çağırışı, terror və silahlı mübarizə təhdidləri, separatizmə xərclədiyi vəsait, qondarma rejimdə vəzifə tutaraq Azərbaycan dövlətinə "meydan oxumaq" cəhdi cəzasız qala bilməz. Belə cinayətkarlar ABŞ-da da, Fransada da necə mühakimə olunursa, Azərbaycan məhkəməsi öz qanunlarına və beynəlxalq konvensiyalara əsaslanaraq qərar çıxaracaq. Onun azad olunması üçün heç bir əsas yoxdur. Vardanyan milyarder ola bilər, tanınmış biridir, amma bu onu məsuliyyətdən azad etmir. Sadəcə, erməni lobbisi, Vardanyanın ətrafı pullar xərcləyərək onun müdafiəsini təşkil edirlər, ictimailəşdirirlər. Ancaq hansı arqumentlərlə onun azad olunması tələb edilir? Görünür ki, konqres üzvlərinin Blinkenə müraciətinin ardınca bu qüvvələr də hərəkətləniblər".