Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr
    • 11-10-2024, 20:25
    • 701

Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr

"Soyuq mövsümdə uşaqlar tez-tez kəskin respirator virus infeksiyalarına (KRVX) yoluxurlar. Soyuqdəymə dövründə uşağın qidalanması az və ya çox dərəcədə dəyişə bilər".

Bu barədə rusiyalı pediatr, uşaq qastroenteroloqu Anastasiya Lyutova məlumat verib.

O bildirib ki, xəstəlik zamanı qida rasionuna yeni məhsullar əlavə etmək lazım deyil.

"Xəstə uşağı kiçik porsiyalarla yedizdirmək, qidalanma sayını artırmaq daha yaxşıdır. Valideyn körpənin vəziyyətini yüngülləşdirmək üçün onun yaşına uyğun, lakin asanlıqla çeynənən və tez həzm olunan yeməklər hazırlaya bilər ", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin ilk günlərində şirniyyat və çörək məmulatlarını məhdudlaşdırmaq daha yaxşıdır, çünki onlar qaz əmələ gəlməsini artıra və bəzi hallarda ürəkbulanma, hətta qusma kimi xoşagəlməz simptomlara səbəb ola bilər.

"Həmçinin, çox şəkər və stabilizator tərkibli paketlənmiş şirələri, konservləşdirilmiş kompotları istisna etmək lazımdır, çünki bunlar mədə-bağırsaq traktının selikli qişasının daha çox qıcıqlanmasına səbəb ola bilər. Qrip, KRVX zamanı pediatr süd və bitki məhsullarının üstünlük təşkil etdiyi qidalanma təyin edə bilər, çünki onlar vitaminlərlə, minerallarla zəngindir. Həmçinin bol maye qəbulu faydalıdır, bunun üçün isti və ya ilıq çay, quşüzümü və ya mərsin şirəsi, itburnu həlimi, qələvi mineral suyu seçmək olar", - deyə qastroenteroloq qeyd edib.

Lyutova onu da vurğulayıb ki, əgər uşaq, məsələn, yüksək hərarət zamanı yeməkdən imtina edirsə, təkid etmək lazım deyil, xəstəlik zamanı iştahanın olmaması və ya azalması tez-tez rast gəlinən haldır.

"Bu vəziyyətin uzanmamasına nəzarət etmək lazımdır. Xəstəliyin kəskin dövründə uşağa maye içirtməyə üstünlük vermək daha yaxşıdır, bunun üçün su, şəkərsiz alma kompostu, düyü həlimi, zəif qara çay uyğundur. Artıq sağalma dövründə isə körpə yaxşılaşmağa başlayanda qidalanma mühüm rol oynayır. Gücü bərpa etmək üçün qida yaxşı həzm olunmalı, enerji ilə zəngin olmalı, mineral maddələr və vitaminlər tərkibli olmalıdır", - deyə pediatr izah edib.

Həkim qeyd edib ki, KRVX zamanı immuniteti möhkəmləndirməyə həkim tərəfindən vaxtında və düzgün təyin edilmiş müalicə (antiviral preparatlar, probiotiklər və ya simbiotiklər, absorbentlər) kömək edir, valideynlər heç bir halda uşağa dərman preparatlarını özləri seçməməlidirlər.

"Respirator xəstəlikdən sonra ümumi möhkəmləndirici terapiya kimi həkim tərəfindən üç yaşdan yuxarı uşaqlara polivitamin kompleksləri, bu yaşa qədər isə "D" vitamini məhlulu təyin edilə bilər. Pəhriz uşaq orqanizminin qida maddələrinə olan yaş tələbatına uyğun olaraq balanslaşdırılmış təyin edilir. Həmçinin gün rejiminə riayət etmək, təmiz havada vaxt keçirmək və xəstə insanlarla təmasları məhdudlaşdırmağa çalışmaq vacibdir", - deyə Lyutova sözlərini yekunlaşdırıb. (Oxu.az)