-
- 14-10-2024, 16:02
- 519
Taksilərə Pos terminalın quraşdırılacaq - Yeni Qaydalar necə olacaq?
Bakıda taksilərin sayının dəfələrlə azaldığını görürük. Əvvəllər tıxac vaxtı taksini 10 dəqiqə gözləyirdiksə, indi normal vaxtda 20, hətta 30 dəqiqə gözləyirik. İşin çətin tərəflərindən biri də kartla ödənişlərdir ki, sürücülərin əksəriyyəti kart görən kimi ləğv edirlər.
Məsələ ilə bağlı nəqliyyat mütəxəssisi Elşən Əlizadə News24.az-a açıqlamasında bildirib ki, taksilərlə bağlı şikayətlər azalıb, səbəb də taksilərin azalmasıdır:
“Bir müddət öncə taksilərlə bağlı tətbiq olunan qaydalar onların azalmasına səbəb oldu. Müsbət tərəf ondan ibarətdir ki, indi günlük 12-13 manata avtomobil icarələyib kefi istəyən şəxs insanları daşımır. Həqiqətən acınacaqlı durum idi, heç bir sürücülük səriştəsi olmayan günlük 12 manat ödənis edib qeyri-rəsmi şəkildə taksi sürürdü. Onların arasında pis vərdiş aludəçiləri də kifayət qədər idi. Lakin yeni qaydalara görə, ancaq tələblərə cavab verən avtomobillərin taksi kimi fəaliyyət göstərə bilər. Sadəcə indi taksi şirkətləri arasında yenidən rəqabət yaratmaq lazımdır, eyni zamanda sürücülərə qarşı test imtahanı təşkil etmək məqsədəuyğun olar.
Misal üçün, taksi şirkətlərinə yeni tələblər qoymaq, bununla yanaşı onlara güzəştlər tətbiq etmək yenidən rəqabəti artırar. İndi taksidə istifadə olunan maşınların illəri yenidir, ancaq sürücülər var ki, şəhəri tanımırlar, buna görə də gecikmələr yaşanır, bundan başqa sürücü getdiyi yolu tanımırsa qəzalar da qaçılmaz olur. Düşünün, maşında sərnişin varsa, sürücü daha məsuliyyətli olmalıdır. Əgər sürücünün sürücülük baxımdan çatışmayan cəhətləri varsa, hansı məsuliyyətdən söhbət gedə bilər?!
Taksi şirkətləri arasında rəqabət, peşakar sürücülər sərnişinlərin ünvanlarına daha tez çatmasını təmin edər. O ki, qaldı kartla ödənişlərə, yaxın zamanda taksilərə Pos terminalın quraşdırılacağı deyilir. Lakin onda da bəzi sürücülər ənənəvi bəhanələri dilə gətirəcək. Misal üçün, Pos terminalda problem var, sistemdə problem var, bankda yenilənmə gedir və s. Belə hallara yol verən sürücülər cərimələnməlidir. Düşünürəm ki, zamanla bu, istiqamətdə işlər daha təkmilləşdiriləcək”.
Ağa