Dollar 2025-ci ildə QALXACAQ?
    • 15-10-2024, 12:59
    • 2 557

Dollar 2025-ci ildə QALXACAQ?

Son zamanlarda sosial şəbəkələrdə və KİV-lərdə yayılan məlumatlara əsasən 1 dolların 2 manatdan çox təşkil edəcəyi ilə bağlı xəbərləri ara-sıra görürük.

Bəzi maliyyəçilər isə açıqlamalarında bildirir ki, yaxın zaman ərzində manat devalvasiyaya uğrayacaq və dollar qalxacaq.

Görəsən həqiqətənmi dollar qalxacaq? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Emin Qəribli News24.az-a açıqlama verib. O, hazırda proqnoz verməyin asan olmadığını bildirib: “Əslində bu gün Azərbaycanın idxal-ixrac əməliyyatlarına, makroiqtisadi göstəricilərinə baxsaq görərik ki, dolların qalxmasına səbəb yoxdur. 

Qarşıdan COP29 gəlir, ölkəyə 80 mindən çox insan gələcək, onlar da təbii özləri ilə xarici valyuta gətirir, bundan başqa müəyyən avadanlıqlar da gələcək. Ona görə hesab edirəm ki, dolların qalxmasına səbəb yoxdur. 

Bildiyimiz kimi, bu gün dollar Mərkəzi Bank tərəfindən, "valyuta siyasəti" ilə tənzimlənir. Ona görə də proqnozlaşdırmaq çətindir.

Ümumiyyətlə, son devalvasiyaya və ona qədər gedən proseslərə nəzər yetirsək görərik ki, orada dolların qalxmasına müəyyən zəmin var idi. Ancaq indi baxsaq görərik ki, iqtisadiyyat inkişaf edir, valyuta bazarında dolların satışı artmışdır, amma digər makroiqtisadi göstəricilərə baxsaq görərik ki, belə bir zəmin yoxdur. 

Hesab edirəm ki, dolların qalxması ilə bağlı gəzən söhbətlər şayiələrdir. Bu məsələ bir qərardan asılıdır, bunu necə proqnozlaşdırmaq olar? 

Hazırda makroiqtisadi göstəricilər də stabildir, hesab edirəm ki, təşvişə düşməyə və narahatlığa ehtiyac yoxdur”.

E.Qəribli valyuta siyasəti ilə bağlı da fikirlərini söyləyib: “Şəxsi fikrimdir ki, bu gün valyuta siyasətinə başqa prizmadan yanaşıram. Azərbaycanda şaxələndirilmə siyasəti aparılır və bizdə qeyri-neft sektorunu, özəl sektoru inkişaf etdirmək istəyiriksə valyuta siyasətinə yenidən baxmalıyıq. Hazırda hökumət bu, məsələyə diqqət yetirir, kursu stabil saxlayır. 

Bu zaman da müəyyən resurslar xərclənir. Bizdə sosialyönümlü siyasətdir". 

Burda da təbii ki, valyutanı stabil saxlamaqla məzənnə artımının qarşısı alınır. Hesab edirəm ki, bazar iqtisadiyyatında yaşayırıq. Gec-tez liberallaşdırmağa doğru getməliyik, bu gün də bu istiqamətdə addımlar atılmalıdır, mərhələli olsa da, manata olan təsirə görə cuzi şəkildə məzənnə barəsində düşünmək olar”.

Ağa