Bacısı nişanı qaytardı, qardaşı isə otelin həyətində...
    • 16-10-2024, 22:04
    • 829

Bacısı nişanı qaytardı, qardaşı isə otelin həyətində...

Bərdə rayonunda 2002-ci il təvəllüdlü Bilal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Təhməzə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bilal 2022-ci il dekabrın 13-də bacısı Arzu ilə keçmiş nişanlısı Təhməz aralarındakı telefon əlaqəsi zamanı bacısının ünvanına nalayiq ifadələr işlətməsini öyrənib.

Bundan əsəbiləşən Bilal qisas almaq məqsədilə həmin ilin dekabrın 15-də, gecə saat 1 radələrində Təhməzin olduğu Bərdə şəhərində yerləşən otelin həyətinə gəlib. O, Təhməzi otel ərazisindən 10-15 metr məsafədə küçədə yerləşən qaranlıq yerə çağırıb və onunla bacısının ünvanına nalayiq ifadələr işlətməsininin səbəbini aydınlaşdırıb.

Bu zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qabaqcadan özü ilə gətirdiyi cib bıçağı ilə qəsdən Təhməzin döş qəfəsinə bir neçə zərbə vurub. Yaralıya ilkin tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

"Atam Təhməzi bağışladı"

İstintaq orqanı tərəfindən Bilalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bilal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yevlax şəhərində qeydiyyatda olmaqla orada ailəsi ilə birlikdə yaşayır, özündən başqa bir qardaşı, iki bacısı var, evin böyük övladıdır: "Zərərçəkmiş Təhməz qohumumdur. 2021-ci ilin fevralında Təhməz hərbi xidmətdə olarkən onun valideynləri yaşadığımız evə gəldi. Onlar bacım Arzu ilə Təhməz arasında el adəti ilə söz kəsdi, nişan qoydular. Arzu ilə Təhməz bir-biri ilə telefonla əlaqə saxladılar. Ara bir Təhməzin valideynləri bizə qonaq gəldi və aramızda heç bir ədavət, düşmənçilik olmadı. Təhməz hərbi xidməti bitirdikdən sonra yaşadığı evə qayıtdı və bacım Arzu ilə telefonla danışan zaman ona nalayiq ifadələr işlətdi. Buna görə əvvəllər atam Valeh Təhməz ilə münasibətlərə son qoymaq və bacım Arzu ilə aralarında olan nişanı pozmaq istədi. Lakin Təhməzin valideynləri Sadif və Fazilə bir daha belə hərəkət olmayacağnı bildirərək nişanın qaytarılmasına maneə törətdi. Atam da Təhməzi bağışladı".

"Cəzalandıracağıma söz verdim"

Bilalın sözlərinə görə, 2022-ci ildə dekabrın 13-də yaşadığı evdə bacısı Arzu Təhməz ilə aralarında olan nişanın qaytarılmasını istədiyini deyib: "Atam bacım Arzudan hansı səbəblərə görə nişanın qaytarılmasını istədiyini soruşdu. Arzu Təhməzin ona telefonda nalayiq ifadələr işlətdiyini dedi. Mən Təhməzin bacıma dediyi nalayiq ifadələri eşidəndə çox pis oldum. Təhməzi həmin söyüşlərə görə cəzalandıracağıma söz verdim. Həmin gün saat 23 radələrində Təhməzin valideynləri Sadif və Fazilə yaşadığımız evə gəldilər. Onlar nişanın qayıtmamasını istədiklərini desələr də, bacım nişanı qaytaracağını, Təhməzin düzəlmədiyini bildirdi. Bacım nişanda alınan xonçaları Təhməzin valideynlərinə qaytardı. Təhməzin bacımı söyməsi mənə pis təsir etdi".

"Buna görə də cavab verəcəksən!"

Bilal qeyd edib ki, dekabrın 15-də, gecəyarısı Yevlax rayonundan Bərdə rayonu istiqamətinə tərəf yolda dayanaraq Bərdə istiqamətində gedən yol maşınını saxlatdırıb və şəhərə gəlib: "Bərdə şəhərində hotelin qarşısında tanımadığım taksi avtomaşınından düşdüm və Təhməzin işlədiyi hotelə getdim. Otelin həyətinə daxil olaraq Təhməzi görüb çağırdım. Təhməz məni tanıdı və mənə tərəf gələrək görüşdük. Mən Təhməzə "burdan çıxaq, bayırda səninlə işim var" dedim. Biz birlikdə hotelin həyətindən çıxaraq qapdan sağ tərəfdə təxminən 10 metr məsafədə olan qaranlıq yerdə söhbət etdik. Həmin vaxt Təhmədə dedim ki, nəyə görə belə hərəkətlər edirsən, nişanlınla söyüşlə danışırsan, sən özünə necə hörmət edirsən ki, gələcək həyat yoldaşınla bu cür rəftar edirsən, Arzu mənim bacımdır, mənim qeyrətim, namusumdur. Bu sözləri deyərək onu danladım. Təhməz isə Arzuya nalayiq sözlər demədiyini bildirdi. Mən Təhməzə "onda mənim bacım səhv danışır, kim istəyər ki, gələcək həyatına son qoysun, sən nalayiq sözlər işlətmisən ki, bacım səninlə olan nişanı qaytarıb" dedim. Sonra sol əlim ilə Təhməzin sağ çiynindən tutdum və əvvəlcədən özüm ilə gətirdiyim bıçağı çıxardım. Təhməz əlimdəki bıçağı görərək səhv etdiyini, bir daha belə hərəkətlər etməyəcəyini desə də, ona "namusuma nalayiq ifadələr işlətmisən, buna görə də cavab verəcəksən!" dedim. Əlimdə açıq şəkildə tutduğum bıçaqla bir dəfə onun döş qəfəsinə zərbə vurdum. Bundan sonra Təhməz həmin vaxtı əl və ayaq nahiyyələri ilə məni özündən uzaqlaşdırmaq istədikdə əlimdəki bıçağı hərəkət etdirən zaman ona digər xəsarətlər yetirildi. Təhməz yerə yıxıldıqdan sonra həyəcanlı olduğum üçün oradan aralaşdım. Yolun kənarında duraraq Yevlax rayonu istiqamətinə tərəf gedən yol taksilərinə əyləşdim və yaşadığım Yevlax şəhərinə getdim. Gec olduğu üçün valideynlərim yatdığından hasarın üzərindən həyətə keçdim və heç kimə söz demədən hamama girdim. Əl-üzümü yudum. Səhər tezdən qapılarıma gələn polis əməkdaşları ilə birlikdə Bərdə Rayon Polis Şöbəsinə gəldim. Etdiyim cinayət əməlini səmimi etiraf etdim".

"Sizlə alınmır, nişanı geri qaytarırıq"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Təhməzin sözlərinə görə, ailəsi ilə birlikdə Bərdə rayonunun kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, ailənin tək övladıdır: "Təqsirləndirilən Bilal ilə qohumuq. Bilalın anası atamın xalası qızıdır, Yevlax şəhərində yaşayırlar. 2021-ci ilin yanvarında hərbi xidmətə getmişəm. Hərbi xidmətdə olan zaman həmin il aprel ayında valideynlərim Sadif və Fazilə məni Arzu ilə nişanladılar. Hərbi xidmətdə olduğum müddətdə bir dəfə telefon vasitəsilə Arzu ilə danışdım. Xidmətdən qayıtdıqdan sonra valideynlərim ilə birlikdə Arzunun yaşadığı evə qonaq getdim. Sonrakı dövrdə onlara getmədim və Arzu ilə ancaq telefon vasitəsilə əlaqə saxlayaraq danışdım. Arzu telefonu gec açdığına və gec cavab verdiyinə görə bir neçə dəfə aramızda narazılıq olub, küsmüşük. Arzu və anası mənə ona gətirdiyimiz xonça və üzüyü gələrək aparmağı, nişanı qaytardıqlarını deyiblər. Mən də valideynlərimə bildirmişəm. Valideynlərim də onların yaşadığı Yevlax şəhərinə gediblər, nə baş verməsi ilə maraqlananda "sizlə alınmır, nişanı geri qaytarırıq" deyiblər. Bu hal bir neçə dəfə baş verdi. Lakin valideynlərim buna razı olmadı. Sonrakı dövrdə Arzu ilə münasibətimiz düzəldi və biz telefonla əlaqə yaratdıq".

"Bunu bacın və anan istəyir"

Təhməz qeyd edib ki, 2022-ci il dekabrın 14-də saat 23 radələrində Arzu ilə telefon vasitəsilə əlaqə yaradıb və onunla mehriban danışıb: "Arzu dekabrın 15-də gələrək onu qaçırmağımı dedi. Arzu ilə sağollaşdım, onunla əlaqə yaratmadım. Bərdə şəhərində yerləşən otelə getdim və dayım Mustafaya kömək etdim. Orada otelə daxil olan avtomaşınlara yer göstərərək gələn qonaqları qarşıladım. Oteldə rəsmi olaraq işləməsəm də, iki gün Mustafaya kömək etmişəm. Dekabrın 15-də, saat 1 radələrində otelin həyətində avtomaşının qarşısında dayanarkən kimsə məni çağırdı. Səs gələn tərəfə dönəndə Bilalı gördüm və yanına gedərək onunla görüşdüm. Bilal məni otelin həyətindən bayıra çıxararaq söz deyəcəyini bildirdi. Bilalla birlikdə otelin həyətindən çıxdıq və sağa tərəfə 10-15 metr gedərək qaranlıq yerdə dayandıq. Bilal mənə "niyə belə edirsən, bacım Arzu ilə olan nişanı qaytarırsan" dedi. Mən isə "nişan qaytarmaq fikrim yoxdur, bunu sənin bacın və anan istəyir" deyəndə Bilal sol əli ilə çiynimdən tutdu, sağ əlimdə açıq vəziyyətdə olan bıçaqla döş qəfəsimə vurdu. Bilala müqavimət göstərərək onu əl və ayaqlarımla özümdən uzaqlaşdırmaq istədim. Bilal əlində olan bıçaqla aramızdakı münaqişə zamanı mən tərəfə daha bir neçə bıçaq atdı. Həmin vaxt da qol və qarnımdan xəsarətlər aldım. Yerə yıxıldım, Bilal isə qaçaraq getdi. Atam Sadifə və dayım Mustafaya zəng edərək Bilal tərəfindən bıçaqlandığımı dedim. Bundan sonra təcili tibbi yardım maşını ilə məni Bərdə Rayon Xəstəxanasına apardılar".

"Aramızda olan münasibətə son qoymaq qərarını verdim"

İş üzrə şahid qismində ifadə verən Arzunun sözlərinə görə, Təhməzin atası və anası bir neçə dəfə onların yaşadıqları evə gəlib və onu oğulları Təhməzə istəyiblər: "Mənim 18 yaşım tamam olmadığı üçün valideynlərim gözləmələrini bildirsə də, 2021-ci ildə iyunun 13-də Təhməzin valideynləri yenidən yaşadığımız evə gələrək təkrar məni Təhməzə istədi. Atam və anamın razılığı ilə məni Təhməzə nişanladılar. Həmin vaxt Təhməz hərbi xidmətdə olub. Təhməz hərbi xidmətdən qayıtdıqdan sonra valideynləri ilə bizə qonaq gəldi. Daha sonra biz mobil telefon vasitəsilə əlaqə yaratdıq və danışdıq. Təhməz mənimlə telefonda bir neçə dəfə kobud danışdı. Aramızda bir neçə dəfə buna görə narazılıq oldu. Hətta mən Təhməz ilə nişanı qaytarmaq barədə danışdım. Buna görə də Təhməzin valideynləri bizə gəldi və məni nişanı qaytarmaq fikrindən daşındırdılar. Təhməz də söz verdi ki, bir daha belə sözlər deməyəcək. Təhməz ilə münasibətlərimiz düzəldi və yenidən telefon vasitəsilə danışdıq. Amma Təhməz yenə telefon əlaqəsi zamanı ünvanıma nalayiq ifadələr işlətdi. Artıq dözə bilmədiyim üçün Təhməz ilə aramızda olan münasibətə və nişana son qoymağa qərar verdim. Bu barədə Təhməzə dedim".

"Bıçaqla vurduğunu dedilər"

Arzunun ifadəsinə görə, dekabrın 13-də Təhməzin valideynləri yaşadığı evə gəlib: "Barmağımdakı nişan üzüyünü və nişanda gətirilən xonçaları onlara verdim, nişana son qoyduğumu dedim. Öz valideynlərim niyə belə etdiyini soruşanda isə Təhməzin kobud ifadələrindən bezdiyimi və mənə qarşı nalayiq ifadələr işlətdiyini dedim. Həmin vaxt valideynlərim mənə səbrli olmağı, hər şeyin düzələcəyini dedilər. Ata-anam ilə danışanda qardaşım Bilal da evdə olub və dediyim sözləri eşidib. Dekbabrın 15-də yaşadığım evdə olan zaman polis əməkdaşları bizə gəldi. Onlar Bilalın Təhməzi bıçaqla vurduğunu dedilər".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bilal 1 il müddətinə azadlıqdan məhrum edilib.